Azərbaycanda Türkiyənin 230 şirkəti bağlanır? - ÖZƏL

Azərbaycanda Türkiyənin 230 şirkəti bağlanır? - ÖZƏL
  16 Dekabr 2014    Oxunub:13641
Bu gün ölkə mətbuatında Türkiyədə “nurçu”lara (Fətullah Gülənçi) qarşı aparılan həbslər dağlasının Azərbaycanda da davam etdiriləcəyi ilə bağlı məlumatlar yayılıb. İddia edilir ki, Azərbaycanda keçiriləcək “nurçu” əməliyyatları zamanı əsas hədəf Türkiyə Sənayeçi və İş adamları Birliyidir(TÜSİAB). Bu təşkilatın “nurçu” iddiası ilə bağlanacağı yayılan iddialar arasındadır.

20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən və özündə 230-dan artıq türk şirkətini cəmləşdirən TUSİAB-la əlaqə saxlayaraq bu iddialara cavab tapmağa çalışdıq.

TÜSİAB-dan AzVision.az-a bildirilib ki, təşkilatın “nurçu”larla heç bir əlaqəsi yoxdur və bu informasiyalar həqiqəti əks etdirmir.

“Təbii ki, mediada yayılan məlumatlar doğru deyil. Biz də bu məlumatlardan indi xəbər tutduq. Bu xəbərlər həqiqət deyil. Bizim qurum müxtəlif tədbir və poqramlar həyata keçirir. Biz həmin tədbirlərin keçirilməsi ilə məşğuluq. Rəhbərliyimiz isə bütün tədbirlərdə iştirak edir. Hazırda da bir sıra tədbirlər keçiririk. Başımız qarışıq olduğu üçün bu məlumatlardan xəbərsizik”.

Təşkilatın bağlanacağına gəlincə, bu iddiaların yersiz olduğu qeyd edilib. Bildirilib ki, TÜSİAB hazırda fəaliyyətini davam etdirir və onun fəaliyyətində hər hansı problem ola bilməz.

Qeyd edək ki, Türkiyənin İstanbul və bəzi yerlərdə “Paralel hakimiyyət” iddialarına qarşı keçirilən əməliyyat nəticəsində 32 nəfər həbs edilib. Həbs olunanlar arasında “Samanyolu” yayım qrupunun rəhbəri Hidayət Karaca da var. Həbs olunanların siyahısında H. Karaca ilə yanaşı, Ərəm Dumanlı, Mutlu Ekizoğlunun da adları var.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanda “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilmişdi. Daxili İşlər Nazirliyindən bildiriblər ki, Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 12-də X.Mustafayev küçəsində yaşayan Eldəniz Hacıyevin evində “Nurçuluq” dini təriqətinin “sunqurçular” cərəyanı adı altında 41 nəfərin (onlardan 2-si azyaşlı) iştirakı ilə yığıncaq keçirilməsi müəyyən edilib.

E.Hacıyevin evinə baxış zamanı təbliği və yayılması qanunla qadağan olunmuş dini ədəbiyyat, kompyuter avadanlıqları, mobil telefonlar, 2200 ABŞ dolları, 286 manat və orada olan şəxslərə məxsus ümumvətəndaş pasportları aşkar edilərək götürülüb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti