Şeyxin qardaşı: “3 dəfə birinci sinif oxumuşam”

Şeyxin qardaşı: “3 dəfə birinci sinif oxumuşam”
  15 Sentyabr 2014    Oxunub:8179
Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də ilk dərs günü yaşadıqlarımızdır.

Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, ilk dərs gününü, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.

Millət vəkili Cavanşir Paşazadə deyir ki, o dövr çox duyğulu günlər olub:

- İndi oturub dostlarla söhbət edəndə deyirik ki, kaş yenidən həmin günlərə qayıdıb, uşaqlığımızı yaşayardıq.

Mən 3 il mütəmadi birinci sinfə getmişəm. Bunun da öz səbəbi var idi. Qonşuluqda Yasəmən adlı bir qız və onun əmisi oğlu Fəxrəddinlə lap balacalıqdan dostluq edirdim. Yasəmən məndən iki yaş, Fəxrəddindən isə bir yaş böyük idi. Bir yerdə oynayırdıq, yoldaşlıq edirdik deyə o məktəbə gedəndə Fəxrəddin və mən Yasəmənə qoşulub onunla birgə məktəbə getdik. Bir partada otururduq.

İkinci il, bu səfər Fəxrəddin məktəbə gedəndə ona qoşulub, birgə birinci sinfi yenidən oxudum. Üçüncü il isə, özümün yaşım düşürdü deyə birinci sinfə getdim. Yəni birinci sinfə mən 3 il getmişəm.

Təz-təzə gedəndə sakit idim. Sonradan ki, hamını öyrəndim, tanıdım, dəcəllik etməyə başladım. Müəllimlərim məndən dad edirdilər ki, çox dəcəldir. Atama şikayət edirdilər. Atamın da bir çubuğu var idi. Həmişə yuxarıdan asırdı. Gəlib çubuğu götürüb deyərdi ki, “sən yenə də dəcəllik etmisən”.

Yadımdadır ki, bir dəfə mürəkkəbi qəsdən müəllimənin stulunun üstünə tökmüşdüm. Müəllimə də bilməyib ə stulda oturmuşdu. Ona görə də atam məni dediyim çubuğu ilə möhkəm döymüşdü.

Amma özüm məktəbdə döyən olmamışam. Uşaqların hamısından bir az kiçik, boyda balaca idim deyə əlimdən tutub, palçığı, kanalı keçirərdilər. Sinfimizdə 22 qız , 4 oğlan var idi. Ona görə də münaqişəmiz olmurdu.

Şahanə RƏHİMLİ


Teqlər:





Xəbər lenti