`Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq`

`Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq`
  27 Avqust 2014    Oxunub:1397
“Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi”.

AzVision.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Azərbaycan Xalça Muzeyinin yeni binasının açılışında çıxış edərkən bildirib.

Ölkə başçısı bildirib ki, Bakıda qədim memarlıq abidələri və müasir abidələr bir vəhdət, vahid ansambl təşkil edir və son illərdə Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Bayraq meydanı kimi müasir Azərbaycan simvolları yaradılıb.

“Bu memarlıq əsərləri müasir Azərbaycanın gücünü, inkişafını göstərir. Əlbəttə ki, bu memarlıq əsərləri təkrarolunmaz əsərlərdir. Deyə bilərəm ki, Xalça Muzeyinin binası da bu sıradadır. Bu da öz nadirliyi ilə seçilir və ümid edirəm ki, gələcəkdə heç kim bu memarlıq nümunəsini təkrar etmək istəməyəcək. Çünki Azərbaycanda yaradılan müasir memarlıq əsərlərini bəzi hallarda başqa yerlərdə də görmək olur. Ancaq bu, artıq Azərbaycan məhsuludur və çox şadam ki, bu gözəl, möhtəşəm muzey bu gün açılır.

Xalça bizim milli sənətimizdir. Biz hesab edirik ki, Azərbaycan xalça sənətinin vətənidir, xalça muğam, memarlıq abidələri kimi bizim milli dəyərimizdir, sərvətimizdir. Təsadüfi deyil ki, muzeyin tikintisinə başlayandan sonra bizim təşəbbüsümüzlə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun qeyri-maddi irsi üzrə reprezentativ siyahısına daxil edilib”.

Prezident həmçinin qeyd edib ki, biz öz xalçamızı, xalçaçılıq sənətimizi qoruyuruq. Azərbaycan xalçasının qorunması və inkişaf etdirilməsi haqqında müvafiq qanun da qəbul edilmişdir. Bu, bizim böyük sərvətimizdir və əlbəttə çalışmalıyıq ki, gənc nəsil bu sənətə maraq göstərsin. Biz bunu təşviq etməliyik.
Mən hesab edirəm ki, Azərbaycan xalçası dünyada xalçaçılıq sənətinin etalonudur. Təsadüfi deyil ki, bizim xalçalarımız dünyanın ən məşhur muzeylərində nümayiş etdirilir.

Onu da qeyd etməliyəm ki, mən çoxsaylı xarici səfərlərim zamanı müxtəlif yerlərdə, müxtəlif ölkələrdə prezident saraylarında Azərbaycan xalçasını görmüşəm.

Uzun illər, əsrlər boyu bizim Azərbaycan xalçaları dünyada nümayiş etdirilirdi. Ancaq biz müstəqil ölkə olmadığımız üçün bu xalçalar Azərbaycan xalçaları kimi təqdim edilmirdi. Ona görə biz - həm dövlət, hökumət, müvafiq qurumlar, həm də ictimai təşkilatlar çox böyük iş apardıq ki, xalçamızı, Azərbaycan xalqına məxsus olan bu böyük sənəti məhz Azərbaycan xalçası kimi təqdim edək.

Bu gün biz Azərbaycanı həm inkişafda olan, eyni zamanda, böyük dəyərlərə malik olan və bu dəyərləri qoruya bilən ölkə kimi təqdim edirik. Azərbaycana gələn xarici qonaqlar əlbəttə ki, Bakının gözəlliyini qeyd edirlər. Ölkəmizin inkişafını görürlər, eyni zamanda, bizim dəyərlərimizlə tanış olurlar. Memarlıq dəyərlərimiz, musiqi sənətimiz, rəssamlıq məktəbimiz və əlbəttə ki, xalçaçılıq sənəti bizim qürur mənbəyimizdir”.

Ölkə başçısı çıxışında müstəqilliyimizin ən böyük sərvətimiz olduğunu diqqətə çatdırıb.

“Bütün dünyaya nümayiş etdiririk ki, Azərbaycan müstəqil ölkə kimi uğurla yaşayır. Müstəqilliyin bütün üstünlükləri Azərbaycan xalqı üçün artıq bəllidir. Müstəqillik bizim ən böyük sərvətimizdir, ən böyük dəyərimizdir. Biz var gücümüzlə müstəqilliyimizi qoruyuruq və qoruyacağıq. Biz məhz müstəqillik dövründə belə gözəl əsərləri yarada bilmişik. Qısa müddətdə - cəmi 23 illik müstəqillik dövründə Azərbaycan çox böyük və şərəfli yol keçmişdir. Əgər biz müstəqilliyi 1991-ci ildə yox, 1971-ci ildə, yaxud 1950-ci illərdə qazansaydıq, bu gün Azərbaycan dünyada ən inkişaf etmiş ölkəyə çevrilərdi. Ancaq biz bu yolla gedirik. Ölkəmizi gücləndiririk, inkişaf etdiririk. Hər bir sahə üzrə konkret proqramlar var. Siyasi, iqtisadi islahatlar aparılır. Regional inkişaf proqramları icra edilir. Əlbəttə ki, mədəni həyatımızla, tarixi irsimizlə, mədəniyyətimizlə bağlı bütün işlər ardıcıl şəkildə aparılır. Bugünkü tədbir bunun bariz nümunəsidir”.

AzVision.az


Teqlər:  





Xəbər lenti