Leyla Yunusun həbsi: pul və xəyanət

Leyla Yunusun həbsi: pul və xəyanət
  31 İyul 2014    Oxunub:1540
Azərbaycan əleyhinə radikal mövqeyi ilə seçilən hüquq müdafiəçisi Leyla Yunus ötən gün həbs edilib. Baş Prokurorluq əməkdaşlarının dəfələrlə çağırışına məhəl qoymayan L.Yunusa 4 maddə üzrə ittiham irəli sürülüb.

Xəbər verdiyimiz kimi, ötən gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq), Arif Yunus isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq) maddələri ilə təqsirləndirilirlər.

Həbsindən sonra L.Yunusun müxalifyönlü himayədarları onun tutulmasını siyasiləşdirməyə başlayıblar. Guya L.Yunus siyasi mövqeyinə görə həbs edilib, bunun sifarişçisi hakimiyyətdir.

Günahı olmasaydı, həbs edilməzdi

Millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə müxalifət yetkililərinin fikirləri ilə razılaşmır. AzVision.az-a açıqlama verən deputat Leyla Yunusun həbsinin siyasi məqsəd daşımadığını dilə gətirib.

“Leyla Yunusun həbsini siyasiləşdirməyə çalışırlar. Leyla Yunus çox ağır ittihamlarla həbs olunub və bu ittihamların arxasında kifayət qədər dəlil və faktlar olmasa, hüquq-mühafizə orqanları bu addımı atmaz”.

Deputatın fikrincə, Leyla Yunusun günahı olmasaydı haqqında həbs qərarı verilməzdi:

“Dəfələrlə onu dəvət edirlər istintaqa ifadə verməyə və o, gəlməkdən müxəlif bəhanələrlə imtina edir. Mətbuat bunu başqa cür yozur. Əgər bu siyasi olsa idi, tələm-tələsik bu həbsi reallaşdırardılar. Artıq bir ay öncə Leyla Yunus həbs olunardı. Amma bu müddətdə daha çox fakt və dəlillər olduğuna görə, daha çox sübutlar toplandığına görə, hüquq- mühafizə orqanları bu addımı atmağı qərara alıblar.

Ümud edirəm ki, tezliklə bununla bağlı müəyyən açıqlama da olacaq. Amma bir məsələni də nəzərə almaq lazımdır ki, burada vətənə xəyanət maddəsi ilə ittiham irəli sürüldüyünə görə hər bir detalın açılması da məqsədə uyğun deyil və ola bilər ki, bu barədə tam açıqlama da verilməsin”.

Ç.Qənizadə qeyd edib ki, istintaqın nəticəsini gözləmək lazımdır. Deputat hesab edir ki, Leyla Yunus dövlət sirrlərini maddi maraqları üçün xarici dövlətlər ötürə bilər:

“Biz gözləməliyik ki, gələcəkdə istintaq orqanları hansı addımları atacaq, məhkəmədə hansı sübutları ortaya qoyacaq və bütün hallarda bu məsələnin siyasiləşməsinin tərəfdarı deyiləm. Leyla Yunus uzun illərdir ki, yalnız özünün maraqlarına xidmət edən bir QHT-çilik və hüquq müdafiəçilik fəaliyyəti ilə məşğul idi. O, uzun illərdir ölkədə gedən hər hansı bir uğuru görmədən, ölkə üçün xaricdə problem yaratmaqla özünün maddi imkanlarını yaxşılaşdırmaqla məşğul idi. Görünür, bu maddi imkanların yaxşılaşdırılması içərsində həm də dövlətin maraqlarını başqa dövlətlərə verməklə də məşğul olub. Və bu baxımdan belə hesab edirəm ki, istintaqın nəticəsi gözlənilmədir, istintaqın nəticəsinə uyğun hər kəs öz mövqeyini ortaya qoya bilər.

Mən kifayət qədər sübut və dəlil olmadan onun hüquq və mühafizə orqanları tərəfindən həbs edilməsinə inanmıram və hesab edirəm ki, bu faktlar var, hüquq -mühafizə orqanaları buna görə də qanuna uyğun şəkildə məhkəmənin qərarı ilə barəsində həbs qərarı seçiblər”.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti