Babam və sevgi

Babam və sevgi
  15 Fevral 2013    Oxunub:13044
Vüsal Məmmədov

Qocalmağa başladığımı ondan hiss edirəm ki, artıq nəyin sevgi olub, nəyin olmadığını anlaya bilirəm.
Məsələn, babamın həyətimizdəki itlə (adı Cek idi) necə danışması yadıma düşür. Rəhmətlik ona it olduğunu uzun-uzadı, ciddi və əsaslı arqumentlər gətirərək başa salmağa çalışırdı. Hərdən öz gətirdiyi dəlillərdən özü də coşur, qalın eynəklərini gözündə rahlayır, söykənib gəzdiyi çomağının ucuyla sanki özüylə Cekin arasındakı görünməz bir qapını döyürdü:
- Sən itsən, çünki sənin atan da itdir, anan da itdir, ona görə də, sən adam ola bilməzsən,- deyirdi babam və Cek də başını qarşısında cütlədiyi pəncələrinin üstünə qoyaraq sokratvari müdrik və kədərli baxışlarla kişiyə baxırdı. Bütün duruşundan aydın olurdu ki, Cek babamın nə dediyini anlayır. Və hərdən günahkarcasına zingildəyib, quyruğunu bulayırdı.
Bu, sevgi idi. İki varlığın bir-birinin həyatında yeri vardı və o yer boş qalınca həyat sahibinə əzab verirdi.
Təsəvvür edin ki, içinizdə birdən vakuum yaranıb və orqanları – ciyərləri, böyrəkləri, mədəni... içinə sorur. Sevgi bu. Daha dəqiqi, sevdiyinin yeri boş qalınca düşdüyün hal bu. O üzdəndir ki, sevgi çox vaxt sevdiyinin varlığı ilə deyil, yoxluğu ilə bilinir.
Mən, məsələn, babamın yoxluğunda onu nə qədər sevdiyimi anladım. Heç bir çay onun dəmlədiyi tünd qırmızı çay kimi ətirli, heç bir konfet onun bişirib, bir qolu laxlayan balaca kəlbətinilə doğradığı nabat qədər şirin, heç bir yemək onun balaca, qara tavasında bişirdiyi çığırtmalar qədər ləzzətli, heç bir nağıl onun danışdığı qədər maraqlı, heç bir sevgi onunku qədər təmənnasız olmayınca anladım.
Adımı düz deyə bilmirdi, amma necə sevgiyilə deyirdi! Yəqin mənim adımı düz deyənlər heç vaxt onun qədər sevgiylə deyə bilməyəcəklər və həm də bunu düşünəndə hiss edirəm ki, sevginin düz olmağı, qayda-qanuna uyğun olmağı lazım deyil, mümkün də deyil; sevgi parkda əkilib qulluqla böyüyən çiçəklərə bənzəməz, onun üçün düzgün yer, düzgün forma anlayışı da yoxdur. Qadası, sən gəl, asfaltı deşib çıxan çiçəyə başa sal ki, lazım olmayan yerdə, lazım olmayan vaxtda, lazım olmayan şəkildə bitib. O, əslində düzgün yerdədir, onun yeri elə oradır. Düzgün olmayan sənsən, onun ətrafındakı asfaltdır, yoldur, maşınlardır, ayaqlardır, dünyadır. Çünki dünyanın koordinat sisteminin sıfır nöqtəsi o çiçəkdir.
Mən bu yazını babamdan yox, sevgidən yazmaq istəyirdim. Daha doğrusu, hələ də buna cəhd eləyirəm, amma yazı o tərəfə dönmür. Çünki babamdan başqa hər sevgidə bir təmənna, şərt gördüm: “Əgər sən bu cür olub, o cür edərsənsə, onda mən səni sevirəm”.
Hətta valideyn sevgisində də bir təmənna olur: uşağım yaxşı oxusun, məni sevindirsin, sözümə baxsın, başımı uca eləsin, qocalanda saxlasın... Oysa, babam məni bütün bunlarsız sevirdi. Mən sadəcə, onun həyatında olan varlıq idim ki, özü ürəyini açıb məni ora buraxmışdı. Çünki onda ürək vardı, həm də necəsi - ürək deyirəm a, sənə...
Mən doğrudan babamdan yox, sevgidən yazmaq istəyirəm. Amma vallah alınmır. Yəqin həm də ona görə ki, özüm bala-bala qocalmağa və bununla paralel sevginin nə olduğunu yavaş-yavaş anlamağa başlayandan sonra mənim üçün əsl sevgi anlayışı babamın obrazında fərdiləşir. “Sevirəm, çünki səni ürəyimə buraxmışam, demək, mənimkisən”,- əsl sevginin prinsipi bu olmalı. Hətta sevdiyin sənin olmasa da. Mən haradan babamın oldum ki – heç bir xeyrim dəymədi ona. Uzun illər belə düşünmüşəm. Amma indi anlayıram ki, yox, elə babamınam ki, varam. Sevgidən qaçmaq olmaz çünki.
Sevgi sükutdur mənim üçün. Hərdən fikirləşirəm ki, indi babam sağ olsaydı, mən onunla nə danışa bilərdim? Heç nə! Bu dünyada sevdiyinlə danışıb rahatlaşmağın mümkünlüyünə inanmıram artıq. Sadəcə kiminsə yanında susub rahatlanmaq üçün sevgiyə ehtiyac hiss edirəm hərdən. Başqa heç nə. Başını qabaq pəncələrinin üstünə qoyub da, sokratvari müdrik və kədərli gözlərlə baxan Cek kimi. Mən indi Cekin babam onunla danışanda nə hiss elədiyini də bilirəm. Bu, öz yerində - öz evində olmaq hissidir. Sən bilirsən ki öz yerindəsən və ruhun da evindədir. Cek eşşək boyda Sibir qurdbasanı idi, istəsə babamı bir pəncə ilə divarın o üzünə atardı. Amma qoca, sısqa, arıq babam onun evi idi. Balaca, küsəyən, ağlağan və zır-zır uşaq olan mən də babamın evi idim. İndi babam mənim evimdir. “Dostun evi könüllərdir” (Yunus Əmrə), amma dünyada rahat mənzildə yaşayan nə qədər evsiz insan var...


Teqlər:  





Xəbər lenti