Kolleclərə ixtisas seçimi başlayır

Kolleclərə ixtisas seçimi başlayır
  02 İyul 2014    Oxunub:18858
Ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlanır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, iyulun 2-dən etibarən ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlanır və bu tədbir iyulun 10-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə həyata keçirilir.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədi ilə TQDK tərəfindən bu təhsil pilləsinə 2013-cü ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunmuşdur. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur.

Abituriyentlər unutmamalıdırlar ki, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ötən il builkindən fərqli olaraq 3 fənn üzrə aparılırdı. Bundan başqa nəticələrin hesablanma qaydasında da ciddi dəyişikliklər edilmişdir. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.


Teqlər:





Xəbər lenti