Deputatdan şeyxə dəstək: `Dini telekanala ehtiyac var`

Deputatdan şeyxə dəstək: `Dini telekanala ehtiyac var`
  28 Sentyabr 2016    Oxunub:1926
“Azərbaycanda dini televiziyanın açılmasına ehtiyac var”.
Bunu AzVision.az-a Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat Nizami Cəfərov Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin dini telekanalın açılması ilə bağlı təklifinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, din insan mənəviyyatının və cəmiyyətinin çox mühüm göstəricilərindən biridir. “Dini mövzuda ağıllı informasiyaların verilməsi, bu sahənin dərindən təhlil olunması lazımdır. Kütləvi İnformasiya Vasitələri arasında televiziya daha çox təsir gücünə malikdir. Bu baxımdan dini telekanalın açılmasına ehtiyac var. Hesab edirəm ki, dövlətimizin imkanları genişdir. Zəngin təcrübəmiz var. Peşəkar,düzgün proqram siyasəti aparan mütəxəssislərə ehtiyac duyulur”.

Millət vəkili dini televiziyanın açılmasında problem ola bilməyəcəyini vurğulayıb. “Hər halda işə məsuliyyətlə yanaşmaq laızmdır. Bu gün dindən mədəniyyət vasitəsi kimi deyil, silah vasitəsi kimi istifadə edilir. Bu kimi halların qarşısını almaq üçün telekanalın açılması vacib məsələdir”.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanda dini televiziyanın yaradılması təklifini sürüb. O bu barədə ölkə başçısı ilə söhbət etdiyini deyib.

Milli televiziya və Radio Şurası isə cavabaında dini televiziyanın yaradılmasının gündəmdə olmadığını, yaxın gələcəkdə Azərbaycanda yeni telekanalın açılmasının gözlənilmədiyini bəyan edib.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti