Zeynəb Xanlarova üçün özəl gün - (VİDEOXƏBƏR)

Zeynəb Xanlarova üçün özəl gün - (VİDEOXƏBƏR)
  28 Dekabr 2016    Oxunub:7462
Bu gün xalq artisti, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın doğum günüdür.
Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olub. Bakı Məktəbəqədər Tərbiyə Məktəbini və Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfini bitirib.

Azərbaycan Dövlət Opera və Balet Teatrında Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında Leyli və Əslinin partiyalarını məharətlə ifa edən Z.Xanlarova estrada müğənnisi kimi daha çox uğurlar qazanıb. O, “Şahnaz”, “Qatar”, “Bayatı-Şiraz” təsniflərinin, habelə Azərbaycan bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev və digər bəstəkar mahnılarının mahir ifaçısıdır. Müğənninin özü də bir neçə mahnı bəstələyib.



Z.Xanlarova 1958-ci ildən Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsinin artisti, 1961-ci ildən M.F.Axundov adına Akademik Opera və Balet Teatrının baş solisti olub. O, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Ümumittifaq “Qızıl val” mükafatı laureatıdır. 1967-ci ildə Azərbaycan SSR əməkdar artisti, 1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına layiq görülüb.



Müstəqil Azərbaycanın “İstiqlal” və “Şöhrət” ordenləri ilə təltif edilən Z.Xanlarova həm də uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Qeyd edək ki, dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə görkəmli müğənni, Xalq Artisti Zeynəb Xanlarovaya “Heydər Əliyev” ordenini təqdim edib.





AzVision.az


Teqlər:  





Xəbər lenti