Zakir Qaralov yenidən baş prokuror oldu

Zakir Qaralov yenidən baş prokuror oldu
  28 Aprel 2015    Oxunub:5598
Prezident İlham Əliyev Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün Milli Məclisə təqdimat göndərib.

AzVision.az xəbər verir ki, məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və MM-in plenar iclasına tövsiyə edilib.

Milli Məclisin bu gün keçirilən iclasında Baş prokuror Zakir Qaralovun fəaliyyəti haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O bildirib ki, Milli Məclislə Baş Prokurorluq arasında səmərəli əməkdaşlıq olub. Deputat bildirib ki, bu gün prokurorluq orqanlarında gənc kadrlar çoxdur.

Spiker Oqtay Əsədov deyib ki, Zakir Qaralov dövlətçiliyə bağlı şəxsdir.

Zakir Qaralovun yenidən baş prokuror vəzifəsinə təsdiqlənməsi üçün məsələ səsə qoyularaq qəbul olunub.

Daha sonra çıxış edən baş prokuror Zakir Qaralov ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib və etimadı kollektivə verilən yüksək diqqət kimi qiymətləndirib.

Baş prokuror bildirib ki, bundan sonra işlərini siyasi xətt üzrə ən yüksək səviyyədə doğrultmağa çalışacaqlar.

Qeyd edək ki, Zakir Qaralov 1956-cı il yanvarın 13-də Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. 1979-cu ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirdikdən sonra prokurorluq orqanlarına işə qəbul edilərək 1981-ci ilədək Bakı şəhərı Səbail rayon prokurorunun köməkçisi, 1981-2000-ci illərdə Baş Prokurorluğun ümumi nəzarət şöbəsinin prokuroru, böyük prokuroru, Bakı şəhəri Nəsimi rayon prokurorunun müavini, Nəsimi rayon prokuroru, Baş Prokurorluğun Milli təhlükəsizlik orqanlarında istintaqa nəzarət şöbəsinin, Ümumi nəzarət idarəsinin prokuroru və böyük prokuroru, Bakı şəhəri Sabunçu rayon prokuroru, Gəncə şəhər prokuroru vəzifələrində işləyib.

25 aprel 2000-ci il tarixdən Azərbaycan Respublikasının Baş prokurorudur. I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvüdür.

26 dekabr 1995-ci ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən "İgidliyə görə" medalı ilə, 29 sentyabr 2006-cı ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv ölkələrin Assambleyasının sədridir.

3 oktyabr 2008-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasının əməkdar hüquqşünası» fəxri adına layiq görülüb.


Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti