Xəzərdə nərə ovuna moratorium davam edəcək

Xəzərdə nərə ovuna moratorium davam edəcək
  29 İyun 2016    Oxunub:2803
21-23 iyun tarixlərində Qazaxıstanın Astana şəhərində öz işinə başlayan Xəzər dənizinin Su Bioloji Resursları Komissiyasının 36-cı Sessiyası başa çatıb.
ETSN-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Xəzəryanı ölkələrin balıqçılıq sahəsi üzrə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndə heyətləri iştirak edib. Tədbirdə Azərbaycanı Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Sessiyanın gündəliyində ənənəvi xarakter daşıyan bir neçə məsələ müzakirəyə qoyulub, Xəzəryanı ölkələr tərəfindən bioresurs ehtiyatlarının vəziyyəti, ümumi icazə verilən balıq ovu, balıqartırma və elmi məqsədlər üçün kvotaların mənimsənilməsi, həmçinin balıq ehtiyatlarının mühafizəsi üzrə məlumatlar təqdim olunub.

İclasda 2016 və 2017-ci illərdə Xəzər dənizində nərə balıqlarının kommersiya ovuna texniki moratoriumun davam etdirilməsi, yalnız cüzi həcmdə balıqartırma və elmi-tədqiqat məqsədləri üçün kvotaların mənimsənilməsi haqqında ümumi qərar qəbul edilib.

Eyni zamanda `Xəzər dənizinin su bioloji resurslarının mühafizəsi və səmərəli istifadəsi haqqında Saziş`ə uyğun olaraq Rusiya Federasiyasının təqdim etdiyi bildiriş əsasında bu Sazişin 24 may 2016-cı il tarixindən etibarən qüvvəyə minməsi barədə məlumat verilib. Sazişin ratifikasiyasının bütün Xəzəryanı ölkələrdə başa çatmasını nəzərə alaraq, Komissiyanın statusunun təsisatlararası səviyyədən yüksələrək hökumətlərarası status səviyyəsinə qaldırılması haqqında elan verilib. Yeni Komissiyanın 1-ci təsisedici hökumətlərarası sessiyasının rotasiya qaydasına uyğun olaraq cari ilin noyabr ayında Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti