Türkiyənin Qarabağ taktikası nəyə hesablanıb? - TƏHLİL

Türkiyənin Qarabağ taktikası nəyə hesablanıb? - TƏHLİL
  28 Aprel 2016    Oxunub:5506
Qafaqaz ətrafında diplomatik intensivlik yenidən artıb, geosiyasi qüvvələr regiona diqqəti artırıblar. Rusiya ilə Türkiyənin Ermənistanda üz-üzə gəlmə ehtimalı, üstəlik Azərbaycanla Ermənistan arasında ciddi gərginliyin hökm sürməsi növbəti iri münaqişə ocağının Qafqazda yarana biləcəyini istisna etməməyə əsas verir.

Bütün bunlara baxmayaraq, Türkiyə Rusiyaya münasibətdə soyuqqanlılığını qoruya bildi və hətta “dörgünlük müharibə”dən sonra da gözlənilənlərin əksinə olaraq, Ankaradan müharibəyə həvəsləndirəcək tipli çağırışlar səslənmədi. Türkiyənin soyuqqanlılığı daha çox Ermənistan üçün gözlənilməz oldu və Yerevanın Rusiyadan daha qətiyyətli mövqe nümayişi qazanmaq üçün Türkiyənin hadisələrə müdaxilə etdiyini sübuta yetirmək cəhdləri uğursuzluqla nəticələndi.

Bunu əminliklə söyləmək olar ki, Türkiyə ilə Azərbaycan bu məsələlərdə razlıaşdırılmış istiqamət üzrə öz üzərlərinə düşən işi həyata keçirirlər. Əsas hədəf isə təbii ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsidir.

Rusiya üçün hazırki məqamda öz sərhədində müharibənin başlaması ölümcül zərbə ola bilər. Buna görə Kreml heç bir halda növbəti müharibənin baş qəhrəmanına çevrilmək istəmir. Birincisi ona görə ki, Rusiyanın gəlirləri azalıb, Ukrayna və Suriya münaqişələrində iştirak isə büdcəyə əlavə ziyan vurub. Odur ki, müharibələrdən cana doyan və maddi rifahı günü-gündən pisləşən Rusiya ictimayyətinin sentyabrda keçiriləcək seçkilərda hakim partiyaya qarşı çıxması ehtimalı artır. Növbəti müharibənin Putinin partiyasının məğlubiyyətinə gətirib çıxarmaqla yanaşı, ölkəyə nəyin bahasına başa gələcəyi də böyük sual doğurur.

Odur ki, Türkiyə ilə sözün həqiqi mənasında düşmənçilik Rusiyanın maraqlarına ziddir. Kreml bu məqamda daha çox, Amerikanın da başının seçkiyə qarışmasından istifadə edib, daxili problemlərin həllinə və seçkidən alnıaçıq çıxmağa köklənməyi üstün tutur.

Bu mənada Azərbaycanın Türkiyə ilə Rusiya arasında vasitəçiliyi Kreml üçün mühüm əhəmiyyətə malikdir. Rusiyanın “dörgünlük müharibə”dən sonra fəal olaraq sülh prosesinə başlaması Azərbaycanın Türkiyə cəbhəsindəki Rusiyanın lehinə olan xidmətləri ilə də bağlı ola bilər. Burada üç əsas məqam vurğulanmalıdır.

Birincisi, Türkiyənin heç bir halda Ermənistan-Azərbaycan münaqişəsinə müdaxilə etməməsi konfliktin qlobal xarakter alması və Moskvanın öz sərhədində növbəti müharibəyə bulaşmasının qarşısını aldı. Halbuki, Türkiyə Rusiyanın Ermənistanda həbi gücünü artırmasını bəhanə edib məsələyə qarışa, çoxdandır Qafqaza girmək istəyən NATO qüvvələri də Türkiyənin ardınca regiona daxil ola bilərdilər. Təsadüfi deyil ki, Rusiyanın bəzi ermənipərəst “təhlilçi”ləri Dağlıq Qarabağdakı münaqişənin Ərdoğanın təşviqi ilə başladığı, əsas məqsədin isə Rusiyanı növbəti müharibəyə sürükləmək olması barədə fikirlər səsləndirməkdən çəkinmirdilər.

İkincisi, Türkiyə və Azərbaycanın təkidi ilə neft hasil edən islam ölkələri hasilatı azaltmaqla dünya bazarında neftin qiymətinin qalxmasına nail ola bilərlər. Hətta prezident İlham Əliyevin də qatıldığı İslam ölkələrinin zirvə toplantısından sonra belə cəhdlər həyata keçirildi. Seçki ərəfəsində neftin qiymətinin artması Rusiya üçün əvəzolunmaz təbliğat materialı rolu oynaya bilər.

Üçüncüsü, Rusiyanın ilhaq etdiyi Krım yarımadasında Türkiyə tərəfindən tatarlara göstərilən dəstəyin azaldılması, Krım tatarlarının mövcud reallıqlarla barışmağa dəvət olunması Moskva üçün əvəzolunmaz xidmət sayıla bilər. Rusiya ilə quru yolla əlaqəsi olmayan Krım yarımadasında müsəlman-tatarların silahlı üsyanı Moskva üçün qorxulu kabuslardan hesab edilir. Bu məqamda, prezident İlham Əliyevin sonuncu Türkiyə səfərində prezident Ərdoğanla birlikdə Krım tatarlarının lideri Mustafa Cəmilovla görüşünün xatırlanması yerinə düşər.

Bütün bunaları nəzərə aldıqda Türkiyənin nisbi susqunluğu başa düşüləndir və Azərbaycanın maraqlarına cavab verməklə yanaşı, regionda sabirliyin qorunub saxlanılmasına hesablanıb.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti