Tarixi hadisə - Papa ilk dəfə Patriarxla görüşdü (FOTOLAR - VİDEO)

Tarixi hadisə - Papa ilk dəfə Patriarxla görüşdü (FOTOLAR - VİDEO)
  13 Fevral 2016    Oxunub:4594
Ötən gün Roma Papası Fransisk ilə Rusiya patriarxı Kiril arasında görüş keçirilib.

Kubanın paytaxtı Havananın “Jose Marti” Beynəlxalq Hava Limanında baş tutmuş görüşdə Roma Papası uzun zamandır planlaşdırılan bu görüşün həyata keçirilməsindən məmnunluğunu bildirib. O, görüşün Allahın iradəsi ilə baş tutduğunu deyib.

Kirill isə qeyd edib ki, son 10 ildə üzləşdiyimiz və öhdəsindən gəlməyə çalışdığımız bütün problemlərə baxmayaraq, fikirlərimizi bölüşmək imkanı əldə etmək sevindirici haldır.



Görüşün sonunda birgə bəyanat imzalanıb. Bəyanatda qeyd olunub ki, bir sıra əngəllərin mövcudluğundan agah olaraq, keçirilən görüşün Allahın iradəsi ilə qurulmuş həmrəyliyin bərqərar olunmasına töhfə verəcəyinə ümidvarıq. Sənəddə, həmçinin iki dini liderin xristianların Yaxın Şərqdən uzaqlaşdırılmasının qarşısının alınması üçün təcili tədbirlər görülməsinə dair beynəlxalq birliyə çağırışı da yer alıb: “Bizim əsas çağırışımız Yaxın Şərqdə və Şimali Afrikada zorakılığa məruz qalan qardaş və bacılarımız üçündür”.




Qeyd edək ki, liderlərin görüşü Xristian dünyası üçün böyük bir hadisədir. Bu, tarixdə ilk dəfə baş tutan Papa-Patriarx görüşüdür.

Bu ideya ilk dəfə 1996-cı ildə, hələ İohann Pavel ilə Patriarx II Aleksinin zamanında ortaya atılıb. Xristian dünyası düz 20 ildir bu görüşün nə zaman reallaşacağını gözləyirdi.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti