Şuranın dəstəyilə Polşada seminar keçirilib

Şuranın dəstəyilə Polşada seminar keçirilib
  31 İyul 2014    Oxunub:1193
30-31 iyul 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq Avropa Təhsil və İnkişaf Fondunun təşkilatçılığı ilə “Ölkələrarası körpülərin qurulması” layihəsi çərçivəsində Polşanın Poronin qəsəbəsində seminar keçirilib.
Layihənin məqsədi Avropada yaşayan müxtəlif xalqları təmsil edən, gələcəkdə yaşadıqları ölkələrin idarəçiləri olacaq gəncləri bir araya gətirərək mədəniyyətlərarası dialoqun qurulmasını, onlar arasında əlaqələrin gücləndirilməsini, qarşılıqlı fikir və təcrübə mübadiləsini təmin etməkdir.

Seminarda Azərbaycanda daxil olmaqla Avropanın 8 ölkəsindən 60-a yaxın nüfuzlu ali məktəblərdə təhsil alan, müxtəlif gənclər təşkilatlarının nümayəndələri olan gənclər iştirak edib.

Avropa Təhsil və İnkişaf Fondunun rəhbəri Tomaş Pjicodjen seminarda çıxış edərək bu cür tədbirləri gənclər üçün fərqli mədəniyyətləri öyrənmək və milli dəyərlərini digərləri ilə bölüşmək üçün gözəl imkan adlandırıb. 2 gün davam edən seminarda gənclər müxtəlif irq və millətlərin dilləri, milli adət-ənənələri, mədəni zənginlikləri ilə tanış olublar.

Tomaş Pjiçodjen Azərbaycan Respublikasının xarici QHT-lərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirərək Şuranın fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə qurduğunu vurğulayıb. QHT sədri keçirilən seminarın gənclər arasında əməkdaşlıq münasibətlərinin inkişafına, bir-birlərinin imkanlarından yararlanmasına, bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini deyib.

Seminarın sonunda mədəniyyət axşamı təşkil edilib və hər bir ölkənin nümayəndələri təqdimat keçiriblər. Toplantıda ölkəmizə həsr edilən video çarx nümayiş etdirilmiş, milli süfrə açılmış və gənclərə Azərbaycana aid suvenirlər təqdim olunmuşdur. Qeyd edək ki, ölkəmizi seminarda Şuranın məsləhətçisi Vüsal Əzizov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Azərbaycan Gənclər İttifaqının nümayəndələri Cəmilə Əhmədzadə və Mirzə Əliyev təmsil edir.




Teqlər:





Xəbər lenti