Rusiyanın “S-400” raketləri Suriyada - Müharibə ehtimalı artır

Rusiyanın “S-400” raketləri Suriyada -  Müharibə ehtimalı artır
  27 Noyabr 2015    Oxunub:3913
Rusiyaya məxsus “Su-24” bombardmaçı təyyarənin Türkiyə qırıcısı tərəfindən vurulmasından sonra iki dövlət arasında gərginlik getdikcə artır.
AzVision.az xəbər verir ki, artıq Rusiya rəhbərliyi Suriyadakı hərbi bazasına “S-400” və “S-300” zenit-raket kompleksi göndərib. Bu sistemlər Türkiyənin 50 kilometrliyində yerləşən Latakiyə əyalətindəki Rusiya bazasında yerləşdirilib və 400 kilometrlik hədəfi vura bilir.

Rəsmi Moskva bildirib ki, bü cür addımlar uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün atılıb.



Bu arada Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov Türkiyə ilə hərbi sahədə əlaqələrin kəsildiyini bildirib. O, qeyd edib ki, Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələri arasında bütün təmas kanalları bağlanıb, həmçinin Rusiya Qara dəniz donanması və Türkiyə Hərbi-Dəniz Qüvvələrinin fəaliyyətlərinin əlaqələndirilməsi məqsədilə Rusiya Hərbi-Dəniz Qüvvələrinin Türkiyədəki nümayəndəsi geri çağırılıb.



O, Suriyadakı terrorçuların mövqelərinin məhv edilməsi zamanı mümkün aviasiya insidentlərinin qarşısının alınması üçün yaradılan “qaynar xətt”in də ləğv edildiyini vurğulayıb.

Bütün bu atılan addımlar rəsmi Ankaranı ciddi narahat etməyə başlayıb. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan bildirib ki, əgər Rusiyanın Suriyada yerləşdirdiyi “S-400” raketləri Türkiyə təyyarələrini vurarsa, bu rəsmi Ankara tərəfindən təcavüz aktı hesab ediləcək: “Belə bir hadisənin baş vermə ehtimalı yüksəkdir. Təcili olaraq buna qarşı təxirəsalınmaz addımlar atacağıq. Hesab edirəm ki, Suriyaya dəstək olanlar və onu silahlandıranlar baş verənlərə görə məsuliyyət daşıyır. Əgər Türkiyə təyyarəsi vurularsa, bu bizi növbəti addımlar atmağa vadar edəcək”.



Ərdoğan eyni zamanda Parisdə Putinlə görüşmək barədə Rusiyaya təklif göndərdiklərini, ancaq hələ də cavab almadıqlarını bəyan edib. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı Suriya ilə sərhəddə uçuşlar həyata keçirən hərbi təyyarələrin sayını artırıb. Bundan sonra Suriya sərhədində Türkiyə Hava Qüvvələrinə məxsus 18 “F-16” hərbi təyyarəsi uçuşlar həyata keçirəcək. Baş Qərargah bütün quru və hava qoşun birliklərinə hazırlıq əmri verib.

İlkin Nəcəfzadə


Teqlər:  





Xəbər lenti