Respublika yollarında son vəziyyət - Yenilənib

Respublika yollarında son vəziyyət - Yenilənib
  08 Dekabr 2016    Oxunub:2423
“Şaxtalı hava şəraiti respublikanın yüksək dağlıq və dağətəyi yollarında maşınların hərəkətində problemlər yaradır”.
Bu barədə AzVision.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib. Qurum rəsmisi qeyd edib ki, yollarda olan bütün problemlər “Azəravtoyol”un əməkdaşları tərəfindən aradan qaldırılır.

“Hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində heç bir problem yoxdur və yollar təmizdir. Lakin hansı maşınlar ki, yay şinlərindən istifadə edir, onlar üçün hərəkət çətin olacaq. Onlar qış şinlərindən istifadə etməlidirlər.

Dağlıq rayon yolları və aşırım olan yerlərdə maşınların hərəkəti məsələhət bilinmir. Sürücülər alternativ yollardan istifadə etsinlər. Belə yollarda yalnız hər iki oxu işləyən maşınlardan, CİP-lərdən istifadə edə bilərlər. Digər minik maşınları, xüsusilə sovet istehsalı maşınların hərəkətində problemlər yaranır. Sürücülərə müraciət edirik ki, belə hava şəraitində sovet istehsalı maşınlardan mümkün qədər az istifadə etsinlər”.

Anar Nəcəfli bildirib ki, sürücülər şaxtalı hava şəraitində ehtiyatlı olmalı, idarə etdikləri avtomobilləri qış rejiminə hazırlamalıdırlar. Əks halda onlar çətinliklərlə üzləşə bilərlər.

***

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis Kamran Əliyev bildirib ki, Bakı-Sumqayıt-Quba-Rusiya sərhəddi və Bakı-Şamaxı-Yevlax avtomobil yollarının bəzi hissəsləri buz bağlayıb.

Onun sözlərinə görə, Bakı-Sumqayıt-Quba-Rusiya sərhəddi yolunun Gəndob kəndi yaxınlığında, Ceyranbatan ərazisindəki gölün yaxınlığındakı hissə buzlayıb: "Bakı-Şamaxı yolunun da bəzi hissələrində buzlaşma müşahidə edilir. Digər yollar isə açıqdır, hələlik buzlaşma qeydə alınmayıb".

K.Əliyev bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolundakı Ağsu dolaylarına da qar yağıb, amma hələlik həmin yolda buzlaşma qeydə alınmayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti