Prezidentin Brüssel səfəri nə vəd edir? - ŞƏRH

Prezidentin Brüssel səfəri nə vəd edir? - ŞƏRH
  07 Fevral 2017    Oxunub:4960
Azərbaycan prezidenti İlham Əliyev fevralın 6-da Brüsselə səfəri zamanı Avropa İttfaqının prezidenti Donald Tusk, Avropa İttifaqının baş komissarı Jan-Klod Yunker, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçi və digər vitse-prezidenti, o cümlədən qurumun xarici siyasət məsələlərinə cavabdeh Federika Mogerini ilə görüşlər keçirib.
Ölkə başçısının Brüssel səfərini AzVision.az-a şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bildirib ki, prezident İlham Əliyevin Brüsselə səfəri Azərbaycanla Avropa İttifaqı arasında strateji sazişlə bağlı sənədin hazırlanmasına start verib:

“Hər iki tərəfdən nümayəndə heyətləri danışıqlara başladı. Məsələ burasındadır ki, Avropa İttifaqı Ukrayna, Gürcüstan və Moldova ilə assosiativ saziş imzalayıb və əməkdaşlıq bu sazişlər çərçivəsində həyata keçirilir. Bu sırada Avropa İttifaqı Gürcüstan və Ukrayna vətəndaşlarına tətbiq etdiyi vizanı ləğv edib. Azərbaycan Avropa İttifaqı ilə assosiativ saziş imzalamadığından Brüssellə münasibətlərin perspektivini - prioritetləri özü üçün müəyyənləşdirməli idi. Ona görə də rəsmi Bakı təxminən bir il əvvəl Brüsselə assosiativ sazişdən fərqli – strateji əməkdaşlıq sazişi imzalamağı təklif etdi. Rəsmi Bakının arqumenti bundan ibarət idi ki, Azərbaycanın Avropa İttifaqına üzv olan 9 ölkə ilə artıq strateji tərəfdaşlıq sazişi var, oxşar sazişi bütövlükdə Avropa İttifaqı ilə də imzalamağa hazırdır. Aydındır ki, bu sənədin hazırlanması xeyli vaxt aparacaq, tərəflərdən hər birinin şərtləri olacaq. Buna baxmayaraq, İlham Əliyevin Brüsselə səfəri o deməkdir ki, rəsmi Bakı bu sənədin imzalanması müddətini qısaltmağa hazırdır.



Brüssellə strateji sazişin imzalanması rəsmi Bakıya həm də ona görə vacibdir ki, Avropa İttifaqı Azərbaycan qazının əsas alıcısı olacaq. Prezident İlham Əliyev Brüsseldəki danışıqların hər birində “Cənubi Qaz Dəhlizi” layihəsinə xüsusi önəm verirdi. Bu layihənin dəyəri 40 milyard dollardır. Azərbaycan prezidentinin də Brüsseldə vurğuladığı kimi, bu, enerji təhlükəsizliyi və enerji diversifikasiyası layihəsidir. Bu, nəinki dəhlizlərin, həm də mənbələrin diversifikasiyası deməkdir. “Cənub Qaz Dəhlizi” layihəsinin Avropa İttifaqı üçün böyük əhəmiyyətə malik olduğunu Federika Mogerini də İlham Əliyevlə görüşdə söylədi. O, bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və qaz təchizatının şaxələndirilməsində mühüm rolunu qeyd edərək Avropa İttifaqının bu layihənin reallaşmasına bundan sonra da dəstək verəcəyini vurğuladı. TAP və TANAP boru xətlərinin inşaası bitdikdən sonra Azərbaycan qazının əsas alıcıları məhz Avropa İttifaqı ölkələri olacaq. Buna görə də rəsmi Bakı qazın Avropaya çatdırılana qədər Brüssellə strateji əməkdaşlıq sazişini imzalamalıdır ki, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı da öz əksini tapsın”.



Politoloq qeyd edib ki, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi başa çatmaq üzrədir: “Bu dəmir yolu ilə daşınacaq yüklərin də əsas ünvanı Avropa İttifaqı ölkələri olacaq. Təsadüfi deyil ki, İlham Əliyev Brüsseldəki görüşlərində bu dəmir yolununu vacibliyi haqqında da fikirlər söylədi. İmzalanacaq sənəddə Avropa üçün Azərbaycanın tranzit ölkə statusunun vurğulanması da rəsmi Bakının maraqlarına cavab verir.

Avropa İttifaqı ölkələri Azərbaycanın əsas ticarət tərəfdaşlarıdır. Statistika da bundan xəbər verir. Hazırda Azərbaycan post-neft dövrünü yaşayır. İlham Əliyev qeyri-neft məhsullarının inkişafına xüsusi əhəmiyyət verir və bunu hökumətin hər toplantısında vurğulayıb. Ancaq istehsal olunan və olunacaq qeyri-neft məhsulları üçün bazarlara çıxış vacibdir. Avropa İttifaqı geniş bazardır.



Ona görə də Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq sənəddə ticarət münasibətləri də əkisini tapmalıdır. Ancaq bundan əvvəl Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmalıdır. Bu məsələ Brüsseldəki görüşlərdə Azərbaycan tərəfinin diqqətinə bir daha çatdırıldı. Ona görə də rəsmi Bakı 2017-ci ildə Dünya Ticarət Təşkilatına üzvlük danışıqlarını sürətləndirməlidir. Əgər bu olmazsa, Bakı ilə Brüssel arasında strateji sazişin hazırlanması prosesi də ləngiyəcək”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti