Neftin ucuzlaşması büdcəmizə ziyan vuracaqmı?

Neftin ucuzlaşması büdcəmizə ziyan vuracaqmı?
  18 Sentyabr 2014    Oxunub:2863
Azərbaycanın büdcə qanununa yenidən baxılmasına ehtiyac yoxdur

“Neftin dünya bazarı qiyməti Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki dünya bazarında neftin qiymətinin dəyişməsi Azərbaycanın dövlət gəlirlərinin dəyişməsinə gətirib çıxarır”. Bunu AzVision.az-a açıqlamasında iqtisadçı Vüqar Bayramov “AzəriLayt” markalı neftin London birjasında ucuzlaşmasına münasibətində deyib. Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi benzinə olan tələbatın azalması ilə bağlıdır:

“Benzinə tələbatın azalması dünya bazarı qiymətinə təsir göstərir. Eyni zamanda İraqda baş verən gərginlik də əsas səbəblərdən biridir. Azərbaycan ixracatının 94 faizi neft və neft məhsullarıdır, 2013-cü ilin yekunlarına əsasən büdcə gəlirlərinin 75 faizi neft sektorunun payına düşür. Göründüyü kimi neft Azərbaycan iqtisadiyyatının əsas sektoru olaraq qalmaqdadır. Təbii ki, neftin hər barrelində 1 dollar azalma belə Azərbaycan dövlət gəlirlərindən azalmaya səbəb olur. Amma bu ilin səkkiz ayında Azərbaycan neftinin dünya bazarında orta satış qiyməti hər barrel üçün 110 dollar olub. Bu isə neftin büdcədə proqnozlaşdırılan qiyməti 100 dollardan 10 faiz daha yüksək olub.

Bu o deməkdir ki, ilin sonuna kimi Azərbaycan neftinin bir barreli dünya bazarında 80 dollara qədər düşərsə, bu büdcənin gəlir hissəsinin formalaşmasına ciddi təsir göstərməyəcək. Təbii ki, kəskin azalmalar baş versə, dövlət büdcəsinin gəlir hissəsinin formalaşmasına təsir göstərə bilər. Dünya bazarında Çünki Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən, qərb neftin qiymətinin müəyyən qədər azalmasının tərəfdarıdır. Amma OPEC hasilata yenidən baxmaqla neftin dünya bazarında qiymətinin 80 dollardan aşağı düşməsinə imkan vermiyəcək”.

Bununla bağlı Azərbaycanın büdcə qanununa yenidən baxılması məsələsinə gəlincə, iqtisadçı bildirib ki, buna ehtiyac yoxdur:

“Ona görə ki, son səkkiz ayda neftin dünya bazarı qiyməti büdcədə proqnozlaşdırılandan daha yüksək qiymətə olub. Bu da imkan verir ki, növbəti mərhələdə qiymət azalmaları səkkiz ayda artmış qiymət hesabına konpensasiya edilsin. “Büdcə sistemi haqqında” qanunda nəzərdə tutulur ki, büdcəyə baxılması və dəyişdirilməsi ilin birinci yarımilində baş verir. Həm hüquqi baxımdan, həm də mövcud vəziyyəti nəzərə alsaq 2014-cü ilin büdcəsinə baxılıb və dəyişiklik eilməsinə ehtiyac yoxdur”.

Xatırladaq ki, Dövlət Neft Şirkətinin məlumatında bildirilir ki, bir neçə gün öncə “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,35 dollar ucuzlaşaraq 97,98 dollar təşkil edib. Hazırda Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiyməti 100 dollar kimi təsdiqlənib. 2014-cü ildə isə qiymətin 80-85 dollar civarında olacağı proqnozlaşdırılır. Bəzi ekspertlər qiymətlərin aşağı enməsinin Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılması ilə nəticələnəciyini deyir.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti