Neft Fondu gəlirlərini açıqladı

Neft Fondu gəlirlərini açıqladı
  30 İyun 2016    Oxunub:2010
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ildə xarici ölkələrdəki daşınmaz əmlaklarının icarəsindən əldə etdiyi gəlirləri açıqlayıb.
Fondun açıqladığı hesabatda göstərilib ki, ARDNF Londonun Seynt Ceyms 78 ünvanında yerləşən ofis kompleksinin icarəsindən gəliri 9 mln. 648 min 48 ingilis funt sterlinqi və ya 19 mln. 896 min 204 manata bərabər olub.

Bundan başqa, ötən il ARDNF Fransanın paytaxtı Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz əmlak kompleksinin icarəsindən 5 mln. 860 min 400 avro və ya 10 mln. 15 min 423 manat gəlir əldə edib.

Bundan başqa Fond ötən il baş verən devalvasiya nəticəsində əldə etdiyi gəlirin həcmini açıqlayıb. 2015-ci ildə Mərkəzi Bank tərəfindən həyata keçirilmiş manatın devalvasiyası çərçivəsində ARDNF-nin investisiya portfelinə daxil olan valyuta və aktivlərin manat ifadəsi ilə dəyərinin artması səbəbindən fondun ümumilikdə 23 mlrd. 217,8 mln. manat, o cümlədən ABŞ dolları, avro, ingilis funt sterlinqi və digər valyutaların manata qarşı məzənnəsinin artması ilə əlaqədar 22,501 mlrd. manat büdcədənkənar gəliri yaranıb.

Xarici valyuta və aktivlərin yenidən qiymətləndirilməsi səbəbindən qızıl portfelinin qiymətinin artması ilə əlaqədar 716,8 mln. manat büdcədənkənar gəlir yaranıb.

Bundan başqa, 2015-ci ildə ARDNF-nin investisiya portfelinə daxil olan valyutaların dollara qarşı məzənnələrinin və qızılın qiymətinin dəyişməsindən yaranan fərq üzrə 1 mlrd. 998,2 mln. dollar məbləğində büdcədənkənar xərcləri yaranıb.(APA)

AzVision.az


Teqlər:  





Xəbər lenti