Neft Fondu Asiya şirkətinə investisiya yatırıb

Neft Fondu Asiya şirkətinə investisiya yatırıb
  14 Fevral 2017    Oxunub:1802
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) daşınmaz əmlaka hazırkı investisiya çərçivəsində adıçəkilən portfelin coğrafi mövqe, aktivlərin növü və risklilik dərəcəsi üzrə diversifikasiyasının təmin olunması məqsədilə Asiya və Sakit Okean Hövzəsi regionunda logistika sahəsində ixtisaslaşmış “E-Shang Redwood” şirkəti tərəfindən idarə olunan “Redwood Japan Logistics Fund II” (RJLF II) və ümumi həcmi 1 milyard ABŞ dolları olan fonduna 100 milyon ABŞ dolları məbləğində investisiya yatırıb.
ARDNF-dən AzVision.az-a bildirilib ki, adıçəkilən fondda ARDNF ilə yanaşı, dünyanın bir sıra qabaqcıl institusional investorları da iştirak edir. İnvestisiyanın illik hədəf gəlirliliyi 15 faiz olmaqla müddəti 5-7 il təşkil edəcəkdir. “RJLF II” fondunun investisiya strategiyasının əsasını Yaponiyanın Tokio, Osaka və Naqoya kimi şəhərlərinin yeni daşınmaz əmlak təkliflərinin məhdud olduğu, eləcə də nəqliyyat infrastrukturu üçün ən uyğun ərazilərində müasir logistika mərkəzləri inşa edərək, uzunmüddətli müqavilələr əsasında onların icarəsini təmin etmək, daha sonra isə həmin mərkəzləri əsasən institusional investorlara satmaqla yatırımlardan çıxmaq təşkil edir. “E-Shang Redwood” şirkəti hazırda Çin Xalq Respublikası, Yaponiya, Koreya Respublikası və Avstraliya kimi ölkələrdə müxtəlif layihələr həyata keçirir.

Ötən il Yaponiya daşınmaz əmlak bazarında müasir logistika mərkəzləri ölkə üzrə ümumi logistika obyektlərinin cəmi 6 faizini təşkil etmişdir və hazırda da bu mərkəzlər üzrə icarəyə verilməmiş sahənin ümumi həcmi cəmi 6,8 faiz səviyyəsindədir. Son 5 il ərzində e-ticarət şirkətləri tərəfindən müasir logistika mərkəzlərinə olan tələb isə öz növbəsində illik olaraq 9 faiz artmışdır ki, gələcəkdə də bu tendensiyanın davamı proqnozlaşdırılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti