Lavaşın erməniləşdirilməsinin qarşısı alındı

Lavaşın erməniləşdirilməsinin qarşısı alındı
  26 Noyabr 2014    Oxunub:1416
Ermənistan tərəfindən YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına lavaş "erməni çörəyi lavaşın hazırlanması ənənələri" kimi təqdim edilib. Azərbaycanın etirazı, bununla bağlı həyata keçirilmiş fəaliyyətlər nəticəsində Ermənistanın təxribat cəhdlərinin qarşısı alınıb.
Belə ki, YUNESKO Konvensiyasının tələblərinə uyğun olaraq faylın adı dəyişdirilmiş və bununla da, lavaş mətbəx mədəniyyətinin erməni millətinə aid olmadığını, sadəcə bu mətbəx nümunəsinin Ermənistan ərazisində mövcud olduğunu qəbul edib. Yəni, Komitədə aparılmış müzakirələrin nəticəsində ifadə olunub ki, Ermənistanın bu cəhdi qəbuledilməzdir və onun ərazisində hər hansı bir mətbəx nümunəsinin hazırlanmasının erməni millətinə məxsus olması anlamına gəlmir. Habelə, Komitə üzvləri Konvensiyanın ruhunu önə çəkərək ermənilərin lavaşın eksklüziv erməni çörəyi olması iddiasını qətiyyətlə qınamışlar və belə bir halların baş verməməsi üçün hüquqi prosedurların işlənməsinin vacibliyini qeyd ediblər.

Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a daxil olan məlumatda bildirilir ki, Azərbaycan nümayəndə heyəti Komitə üzvləri və digərləri ilə keçirilən bütün görüşlərdə Ermənistanın YUNESKO-nun məqsəd və prinsiplərinin öz işğalçı siyasəti üçün alət etməsini tənqid etmiş və bu cür yanaşmanın təşkilatın nüfuzuna ciddi xələl gətirəcəyini vurğulayıb.

Komitədə lavaşın erməni millətinə mənsub olması əvəzinə Ermənistan ərazisində mövcud olması kimi qəbul edilməsi bir daha Ermənistan ərazisində azərbaycanlıların yaşadıqlarını, ermənilərin də bu ənənələri onlardan öyrəndiyini bir daha təsdiq etmiş oldu.

Komitə çərçivəsində Azərbaycanın təşəbbüsü ilə region ölkələrinin nümayəndələrinin birgə görüşü keçirilmiş və qərara alınmışdır ki, növbəti ildə lavaş region ölkələrinin birgə mətbəx irsi kimi YUNESKO-ya təqdim edilsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti