İran Azərbaycana niyə yaxınlaşır?

İran Azərbaycana niyə yaxınlaşır?
  04 Avqust 2015    Oxunub:2485
Qərbin İrana qarşı sanksiyaları geri götürəcəyinə dair əldə olunan tarixi razılaşma ölkəmiz üçün də müəyyən imkanlar yaradır. Belə ki, qonşu İranın iqtisadi inkişafı ölkəmizə də öz müsbət təsirini göstərə bilər. Bu baxımdan İranla iqtisadi əlaqələrin daha da genişlənirilməsi əsas prioritet məsələlərdəndir.
Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərliyi ilə bir qrup nümayəndə heyətinin İrana səfəri ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə hesablanmış addımdır.

Nazir İran prezidenti Həsən Ruhani ilə görüşündə bildirib ki, Azərbaycan şirkəti İranda zavod tikmək istəyir.
Ş.Mustafayev qeyd edib ki, Azərbaycanın 6 şirkəti qarşılıqlı sərmayələr sahəsində İranla əməkdaşlıq edir:
“Şirkətlərin biri İranda zavod tikmək istəyir. Bəzi problemlər var. Onun həlli üçün də Ticarət Palatasında danışıqlar aparılacaq. “Iran Khodro” şirkəti də Azərbaycanda zavod tikmək istəyir. Biz bunu alqışlayırıq və yer verməyə hazırıq”.

Nazir qeyd edib ki, İran və Azərbaycan əczaçılıq, turizm və viza sahəsində əməkdaşlığı davam etdirir. O, əlavə edib ki, 2013-cü ildə Azərbaycandan İrana 500 min turist gəlmişdisə, 2014-cü ildə 800 min turist gəlib ki, bu da böyük göstəricidir.



Millət vəkili Əli Məsimli bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, dünya güclərinin İrana tətbiq elədiyi sanksiyaların mərhələlərlə aradan qaldırılması ilə İran öz inkişafının yeni mərhələsinə qədəm qoyacaq: “Hansı sahələrdə maraqlar üst-üstə düşür, perspektiv daha çoxdur, həmin sahələrdə də əməkdaşlığı genişləndirmək və dərinləşdirmək lazımdır. İranla əlaqələri inkişaf etdirmək Azərbaycan üçün zəruridir, amma bunun ölkəmizin iqtisadiyyatına nəzərəçarpan müsbət təsiri bu işin necə, nə dərəcədə səmərəli qurulmasından asılı olacaq. Sanksiyaların götürülməsi ilə əlaqədar İranın özünün böyük sərmayələrə ehtiyacı yaranır”.-deyə millət vəkili vurğulayıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti