Heydər Əliyev prospektində işlər yekunlaşır

Heydər Əliyev prospektində işlər yekunlaşır
  28 Aprel 2015    Oxunub:1290
Heydər Əliyev prospekti yan yolda işlər yekunlaşır.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində həyata keçirilən kompleks tədbirlər yekunlaşmaq üzrədir. Yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, yolun kənarında yaşıllıq zonası salınır.

Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulur. Sabahdan etibarən Heydər Əliyev prospekti əsas yol kimi, prospektin Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsi də tam yeni görkəmdə sürücülərin ixtiyarına veriləcək. Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.


Teqlər:





Xəbər lenti