Erməni generallarının işdən çıxarılmasının gizli səbəbi – SƏNƏD

Erməni generallarının işdən çıxarılmasının gizli səbəbi – SƏNƏD
  28 Aprel 2016    Oxunub:41896
Ermənistan prezidenti Serj Sarkisyan bir neçə gün öncə Müdafiə Nazirliyinin 3 yüksək çinli məmurunu işdən çıxarmışdı. Bundan sonra sosial şəbəkənin erməni seqmentində müdafiə nazirinin müavini, general-leytenant Alik Mirzabekyanın işdən çıxrılmasının əsl səbəbini ortaya qoyan sənəd yayıldı.

Bu sənəd Qarabağdakı qondarma rejimin “ordu”sunda olan vəziyyətlə bağlı hesabatdır. Sənəddə göstərilir ki, maddi-texniki cəhətdən qondarma rejimin ordusu çox ağır vəziyyətdədir.

Sənəddə Ermənistanın müdafiə nazirinin müavini, general-leytenant Alik Mirzabekyan qondarma qurumun “müdafiə naziri” L.Mnatsakanyana yazır ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın əmrilə “Qarabağ Ordusu”nda təftiş keçirilib. Bu zaman ciddi çatışmazlıqlar aşkarlanıb.

Bəlli olub ki, döyüşlərin gedişində avtomobil texnikasının böyük hissəsi məhv edilib, qalanları isə yararsızdır. Zirehli texnika da həmçinin köhnə və yararsız vəziyyətdədir. Ehtiyat hissələri, silah-sursat, yanacaq çatışmır. Buna görə hərbi hissələrin sursatla təminatında da problemlər yaşanıb.



Sonda belə bir ümumi nəticəyə gəlinir ki, hazırda qondarma rejimin “ordu”sundakı çatışmazlıqlar onun təhlükəsizliyinə ciddi hədələr yaradır.

Maraqlıdır: axı Ermənistan hökuməti bütün danışıqlarda Dağlıq Qarabağın guya müstəqil tərəf olduğunu iddia edir. Əgər elədirsə, bir dövlət başqa bir müstəqil subyektin ordusunda necə təftiş apara bilər?

Eyni zamanda, Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan bəyan edib ki, Qarabağdakı qondarma qurum ilə qarşılıqlı hərbi yardım göstərilməsi haqqında razılaşma sənədi hazırlanır. “Bu sənəd ciddi iş tələb edir. Həmin işlər artıq görülür və məqamı çatanda razılaşma imzalanacaq”,- deyə Nalbandyan bildirib. Yada salaq: Serj Sarkisyan aprelin 2-də Milli Təhlükəsizlik Şurasının iclasında tapşırıq vermişdi ki, Qarabağdakı qondarma rejimlə qarşılıqlı hərbi yardım haqında sənəd hazırlansın.

Beləliklə, nonsens alınır: Bir tərəfdən, Ermənistan Qarabağdakı rejimin ordusunu öz hərbi hissəsi kimi təftiş edir, o biri tərəfdən isə onlarla qarşılıqlı hərbi yardım haqqında sənəd hazırlayır? Beynəlxalq Hüquqa görə, tanınmamış rejimlə heç bir rəsmi sənəd imzalana bilməz. Yəni faktik olaraq, Ermənistan hökuməti sadəcə olaraq, bu hüquqi cəhətdən əsassız addımı ilə tanınmamış rejimə göstərdiyi hərbi yardımı legitimləşdirməyə çalışır.

Tariyel Həsənov

AzVision.az


Teqlər:  





Xəbər lenti