Ərəbin cihadı, yoxsa Cənnət Qarabağ?

Ərəbin cihadı, yoxsa Cənnət Qarabağ?
  30 İyul 2015    Oxunub:4160
Seymur Oruc

Yaşadığım 21 il ərzində çox da hadisələr baş verməyib. Əlbəttə, Amerikanın İraqa girməsini, Quş qripinin dünya miqyaslı xəstəliyə çevrilməsini, əvvəlcə Sudanda, sonra Tunisdə, Liviyada, Misirdə və son olaraq da Suriyadakı Ərəb baharlarını, Gürcüstanda narıncıları, Ukraynada “maydan”-çıları nəzərə almasaq...


Yəni bu qədər hadisələrin içərisində orta statistik Azərbaycan türkünü maraqlandıra biləcək, məsələn Qarabağın geri qaytarılması kimi önəmli hadisələr bir dəfə də olsun yaşanmayıb. Əlbəttə, quş qripi zamanlarında quş ətinin, ya da yumurtasının ucuzlaşması kimi qarnımıza təsir edəcək xüsusi şeyləri nəzərə almasaq.

Yenə problemin kökünə gəlib çıxdıq – bizim qarnımız. Daha doğrusu, yeməyimiz, içməyimiz, bilavasitə yanaşsaq – bizim pulumuz.

Pul! Qəribədir, elə deyilmi? Suriyada insanların Əsəd rejimi tərəfindən məhv edilməsi, İraqda onillərdir baş verən terrorlar, ya da Amerikanın bu torpaqları bombalaması, son olaraq isə Çində Uyğur türkləri də daxil olmaqla müsəlmanlara qarşı törədilən hadisələr bu qədər müsəlmana təsir etmədi. Ancaq İŞİD kimi haradan gəldiyi, nə zaman yarandığı məlum olmayan bir hadisə elə orta statistik Azərbaycan türkünün də həyatına birbaşa təsir göstərdi.

İŞİD nədir? – sizin xəbəriniz varmı ki, İŞİD onillərdir yaşadığınız bu torpaqda mövcud idi? Bizim dədə-babalarımızdan gördüyümüz, eşitdiyimiz İslamın təməlində namaz qılmaq, oruc tutmaq kimi Allaha olan ibadətlər var idi, amma bizim dədə-babalarımız Allaha ibadətə görə pul qazanmırdılar!

Hər kəsə məlumdur ki, Azərbaycanda son bir neçə onillikdə radikal qruplaşmalar meydana gəlib, bu qruplaşmaların necə meydana gəldiyi, necə fəaliyyət göstərdiyi də orta statistik Azərbaycan vətəndaşına məlum sirrlərdəndir. Elə bu qruplaşmalar meydana gəldikdən sonra Azərbaycanda İslam konkret imic formalaşdırmağa başladı.

Əlbəttə, ölən heyvanı ziyan olmasın deyə onu kolbasaya verib heyvanının ölüsündən də xeyr götürən, bələdiyyəyə keçib xalqa xidmət əvəzinə bələdiyyə torpaqlarını satıb pulunu mənimsəyən, heç bir ehtiyacı olmadığı halda hansı yolla dövləti aldadıb sosial yardım düzəldə biləcəyini düşünən qarın düşkünü orta statistik Azərbaycan türkü üçün yeni radikal təməllərin yaydığı islam daha sərfəli idi. Gündə 5 dəfə əyilib qalxmaqla, 12 ayda bir ac qalmaqla pul qazanmağın nəyi pis idi ki?

Özümüz özümüzün olan dini bərbad hala saldıq, məzhəblərə böldük, imamlara, xütbələrə böldük, Vahid Quranı hədislərə böldük! Çünki Amerikanın özünün bir qıraqdan çap etdiyi “itətök” yaşıl dollarları babalarımızın bizə öyrətdiyi Allahdan daha cazibəli idi. Ruzini Tanrı verə bilərdi, amma o da səbr tələb edirdi. Amerika isə çox da şey tələb etmirdi...

Cihad isə... mənə ərəbin cihadı lazım deyil, burada-300 kilometrliyimdə cənnət torpaqlarım işğal altındadı. Ərəblər özləri namaz qılarkən əlləri necə tutmaq lazımdır kimi vacib suallara cavab tapmaq əvəzinə öz cihadlarını elan edə bilərdilər.

Xülasə, sadəcə iyrənirəm. Müsəlmanların başı öz aralarında qırğınlardaykən Qərb tikdi, böyüdü. Müsəlmanlar yenə qırılırlar, qərb isə yenə tikir.

21 il yaşadığım müddətdə demişdim axı, dəyişən heç nə yoxdu. Vətənin cavanları Suriyaya yersiz cihad dalınca düşərkən, Qarabağım yenə işğaldadı. Sanki, Ulu Dədə Qorqudun səsini duyurmuş kimiyəm: “Oğul, sən müsəlman deyil ikən də, türk idin, TÜRK!” İndi düşünürəm ki, o zamanlar bütün dünyanı dizə gətirmiş türklər, indi Rusiyada Çərkəz bazarında “perajki” satır, Suriyada, İraqda məsum canları Amerikanın dollarlarına satdığı kimi...


Teqlər:





Xəbər lenti