Ərdoğanın kürəkəni baş nazir olacaq

Ərdoğanın kürəkəni baş nazir olacaq
  07 May 2016    Oxunub:15790
Rusiya Federasiya Şurasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Konstantin Kosaçev Türkiyənin baş naziri Əhməd Davudoğlunun istefasına münasibət bildirib.

AzVision.az-ın məlumatına görə Kosaçev Davudoğlunun istefa verməsinə görə prezident Rəcəb Tayyib Ərdoğanı günahlandırıb.

Bu barədə “Facebook” səhifəsində qeyd edən Kosaçev Türkiyədə siyasi böhranın yaşandığını bildirib:

“Türkiyədə siyasi böhran pik həddə çatıb. Davudoğlu da bu səbəbdən istefa verdi. Prezident Ərdoğanla Davudoğlu arasında münasibətlərin pisləşməsi öncədən bəlli idi. Bunun bir çox səbəbləri var”.

Kosaçev qeyd edib ki, Ərdoğanın Türkiyəni başqanlıq sistemi ilə idarəolun ölkəyə çevirməsi hökumətdə etirazlara səbəb olub.

Rusiya rəsmisi hesab edir ki, Türkiyənin yeni baş naziri Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak olacaq.

“Albayrakın namizəd olması təsadüf deyil. Türkiyədə yüksək vəzifələr bir ailənin əlində cəmləşəcək”-deyə Kosaçev vurğulayıb.



Qeyd edək ki, ötən gün Türkiyənin baş naziri Əhməd Davudoğlu vəzifəsindən və AKP rəhbərliyindən istefa verdiyini bəyan edib. O, istefasının səbəbini konkret açıqlamayıb.

Davudoğlunun mətbuata verdiyi açıqlama bunu deməyə əsas verir ki, onun istefası prezident Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən irəli gəlir:

“Ədalət və İnkişaf Partiyasının son iclasında qəbul edilən qərarlar partiyanın rəhbəri və hökumətin başçısı olaraq məni razı salmayıb. Heç vaxt vəzifə tələb etmədim. Razılıqla sədr seçildim. Razılıq olmazsa, bu addımı atmayacağam. Heç kimlə bazarlıq etmədim. Belə bir deyim var: “Yoldan öncə yol yoldaşı”. AKP-də birliyin davam etməsi üçün dost dəyişməkdənsə, sədrin dəyişməsinə üstünlük verdim”.

Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.

Rüstəm İsmayılov
AzVision.az


Teqlər:  





Xəbər lenti