Ədliyyə naziri vətəndaşları qəbul edib

Ədliyyə naziri vətəndaşları qəbul edib
  29 Oktyabr 2016    Oxunub:1456
Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq, Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 28-də ədliyyə naziri Fikrət Məmmədov Ağsu rayonunda Ağsu və ətraf rayonlardan olan vətəndaşların qəbulunu keçirib.

Qəbuldan əvvəl nazir Fikrət Məmmədov və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ümummilli lider Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.

Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə həllini tapıb. Digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakimlər və ədliyyə işçiləri ilə müşavirə keçirib.

Müşavirədə Fikrət Məmmədov vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət olunması, insanların məmnunluğunun yüksəldilməsi ilə bağlı dövlətimizin başçısının tələblərini diqqətə çatdırıb, vətəndaşların qəbulu və müraciətlərinə baxılması işinin düzgün təşkili, digər tövsiyə və tapşırıqlarını verib.

Eyni zamanda, şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi, eləcə də qərəzli yanaşmanın yolverilməzliyi qeyd olunub, korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən mühüm institusional və qanunvericilik tədbirlərindən bəhs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti