Dövlət qulluğuna başlanan müsabiqə başa çatdı

Dövlət qulluğuna başlanan müsabiqə başa çatdı
  17 Aprel 2015    Oxunub:1392
26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 81 dövlət orqanında inzibati vəzifələrin beşinci – yeddinci təsnifatlarına uyğun olan 922 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqə başa çatıb.
Komissiyadan AzVision.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün Komissiyada 2 min 586 qadın namizəd olmaqla 7 min 769 namizəd qeydə alınıb. Qeydə alınan 7 min 769 namizədin 81, 32 faizini gənclər təşkil edib.

Müsabiqənin test imtahanı mərhələsi 2014-cü il 13 noyabr – 2015-ci il 8 yanvar tarixlərdə keçirilib. Namizədlərdən 2 min 592 nəfəri (bütün namizədlərin 33,36 faizi) test imtahanında iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən 5 min 177 namizədin hər birinə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilib.

Eyni zamanda, nəticələr Komissiyanın rəsmi internet saytında da yerləşdirilib.

Test imtahanında 1720 nəfər (bütün namizədlərin 22,14 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub.

Onlardan 585 nəfəri 5-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını, 767 nəfəri 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını, 368 nəfəri isə 5-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, 6 və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıblar.

Müsabiqənin müsahibə mərhələsi 2014-cü il 10 dekabr – 2015-ci il 16 aprel tarixlərdə keçirilib. Müsahibə mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş 1441 namizəddən 144 nəfəri müsahibə mərhələsində iştirak etməyib. Müsahibədə iştirak etmiş namizədlərdən 456 nəfəri uyğun hesab edilib.

Müsahibələrin nəticələri üzrə ümumilikdə 76 apellyasiya şikayəti olub. Bunlardan 50-si təmin olunmamışdır. 2 nəfərin müsahibə nəticəsi Apellyasiya komissiyasının qərarına əsasən ləğv edilib və namizədlər vəzifələrə uyğun hesab edilmişlər. 24 namizədin müsahibə nəticələri ləğv edilərək onlarla yeni müsahibə keçirilib. Keçirilmiş yeni müsahibələr nəticəsində 10 namizəd vəzifəyə uyğun hesab edilib. Bununla da, müsabiqə qalibinin sayı ümumilikdə 469 nəfər olub.

Müsabiqə qaliblərinin şəxsi işləri qanunvericiliyə uyğun qaydada və müddətdə müvafiq dövlət orqanlarına göndərilib. Onlardan 122 nəfəri vakant dövlət qulluğu vəzifələrinə təyin olunub. Müsabiqə qaliblərinin dövlət orqanları üzrə təyinatları davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti