Artur Rasizadə türkiyəli generalla görüşdü

Artur Rasizadə türkiyəli generalla görüşdü
  06 Oktyabr 2015    Oxunub:1469
Oktyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin Mətbuat Xidmətindən AzVision.az - a bildiriblər ki, Azərbaycan-Türkiyə münasibətlərinin bütün sahələr üzrə yüksək səviyyədə davam etdiyini önə çəkən Baş nazir Artur Rasizadə siyasi, iqtisadi, mədəni, həmçinin hərbi əməkdaşlıq istiqamətində sıx əlaqələrimizin mövcudluğunu xüsusi vurğulayıb. Qardaş ölkənin hərbçilərindən ibarət nümayəndə heyətinin bu səfərinin də əməkdaşlığımızın dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu deyən Baş nazir qeyd edib ki, müstəqilliyini bərpa etdikdən sonra türkiyəli mütəxəssislərin də yaxından köməyi ilə bu gün artıq respublikamızda güclü maddi-texniki bazaya və yüksək ixtisaslı zabit korpusuna malik nizami ordu yaranıb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan tərəflər bu münaqişənin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyünü bir daha vurğuladılar.

Səmimi görüşə görə təşəkkürünü bildirən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar Türkiyə ilə Azərbaycanın hər zaman beynəlxalq aləmdə bir-birinə dəstək verdiyini məmnunluqla xatırladıb. Son illər qardaş Azərbaycana hərbi-texniki və kadr hazırlığı sahəsində göstərilən yardımlarla yanaşı, keçirilən birgə hərbi təlimlərin də böyük əhəmiyyət daşıdığını qeyd edən türkiyəli qonaq orduda peşəkarlığın artırılmasına xidmət edən belə təlimlərdə çox səmərəli nəticələr əldə olunduğunu bildirib.

Görüşdə regional və beynəlxalq təhlükəsizlik, bölgədə sabitliyin qorunub saxlanması və bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti