Niyə müxalif gənclər facebook-da daha aktivdir? – ARAŞDIRMA

  05 Avqust 2013    Oxunub : 532
Niyə müxalif gənclər facebook-da daha aktivdir? – ARAŞDIRMA
Müasir gənclərin gündəlik həyatını sosial şəbəkələrdən kənar təsəvvür etmək mümkün deyil. Onlar siyasi, sosial, elmi, dini baxışlarından tutmuş, gündəlik məişət həytlarına kimi hər bir məsələni facebook, tvitter və digər sosial şəbəkələrdə bölüşüb, fikir mübadiləsi aparırlar.
Amma diqqəti çəkən məqamlardan biri də budur ki, sosial şəbəkələrdə daha çox müxalifyönlü gənclərin aktivliyi hiss olunur. İqtidaryönlülər isə sosial şəbəkələrdə passiv görünürlər. AzVision.az bunun səbəbini öyrənməyə çalışıb.

Sosial şəbəkələrdə fəallığı ilə seçilən millət vəkili Fazil Mustafa düşünür ki, müxalifyönlülərin aktivliyi onunla bağlıdır ki, digər sahələrdə fikirlərini ifadə etmək imkanı olmayan müxalifətçilər üçün ən əlverişli məkan facebook-dur. Ona görə də onların sosial şəbəkədə çoxluğunu və fəallığını bununla əlaqələndirmək lazımdır:
- Həmin gənclərin həmçinin başqa adlar altında facebook-da fikirlərini ifadə etmək imkanı daha çoxdur. Təhlükəsizliyə müəyyən dərəcədə təminat verdiyinə görə, bu yola üstünlük verirlər. Amma iqtidaryönlülərdə də son vaxtlar bir fəallıq var. İqtidaryönlü şəxslərin böyük əksəriyyətini etdikləri işin mütləq yuxarılara çatması, yaxud da qiymətləndirilməsi düşündürür. Müxalifyönlülər isə daha çox əsəblərini sakitləşdirmək, kiminsə müəyyən dərəcədə açıq deyə bilmədiyi fikirləri dilə gətirmək üçün internetdən istifadə edirlər. Sosial şəbəkələrə bir az yüngülləşmə vasitəsi kimi baxırlar. Məsələnin kökündə bu durur. Mənə elə gəlir ki, iqtidaryönlü gənclər baxımından son vaxtlar bu balans xeyli dəyişməyə başlayıb.

QHTxəbər.az saytının baş redaktoru, facebook-da tanınan simalaran biri Sənan Nəcəfov iqtidaryönlü gənclər təşkilatlarının üzvlərini facebook-da passiv hesab etmir, əksinə, çox fəal olduqlarını düşünür:
- Müxalifyönlülərin daha fəal görünməsi sırf texniki məsələdir. Qısaca onu deyim ki, sadəcə, müxalifyönlülərdə şəbəkələşmə, sürətli kontakt yaratmaq yüksəkdir. Misal üçün, hər hansı bir məsələ ilə bağlı tənqidi yazı yazan kimi, müxtəlif adlarla, niklərlə sərt reaksiya verilir, hədə-qorxu gəlinir. İnternetin belə insanlara verdiyi əlavə şanslardan biri də budur ki, insanı ikiləşdirə, üçləşdirə bilir. Yəni bir adam 5 mövqedən fikir bildirə bilər, bundan heç kimin xəbəri olmaz. Uzağa getməyək, AzVision.az saytının baş redaktoru Vüsal Məmmədovun yazılarına baxın, adam fikrini bildirir, tənqid edir, özü də haqlı, amma əks tərəf polemika açmaq əvəzinə söyüş və səviyyəsinə uyğun reaksiya verir. Qəribəsi budur ki, bu zaman Vüsal Məmmədovun fikirlərini bölüşənlər dəstək bildirmirlər, baxmayaraq ki, onunla razılaşanlar kifayət qədər çoxdur. Ssadəcə buna ərinməkmi , tənbəllikmi deyim, və yaxud "əla cavabdır", “daha cavab verib də, mən nə bildirim" kimi düşünüb, fikir bildirmirlər.

Sizə bir məsələni də deyim ki, facebook-da at oynadan müxalif fikirli insanlar var. Onların bir statusuna azından 100-120 “like” gəlir, ən yaxşı halda 180-200 like, vəssallam. Amma əks tərəfdən elə statuslar, fikirlər paylaşanlar var ki, say baxımından qat-qat, dəfələrlə onları üstələyirlər. Ancaq görün necə paylaşılır. Adi bir statusu 40-50 dəfə paylaşanda reklam etmək asan olur. Yəni belə təsəvvür yaranır ki, aktivdilər, amma əslində belə deyil. Sadəcə, şəbəkələşmə və bir-birilə sürətli əlaqə var.

Düzdür, iqtidaryönlü təşkilatlarda elə hazırlıqlı, savadlı və bu işi bacaran gənclər var ki, müqayisə aparmaq belə, mümkün deyil. Onların da yaxşı şəbəkələri var. Mən statusuna xüsusi diqqət yetirilən, izlənən gəncləri tanıyıram. Onların statusu ciddi müzakirəyə səbəb olur, fikir bildirilir, şərhlər yazılır. Yenə də təkrar edirəm ki, bu yöndə şəbəkələşməyə, kiçik, lakin mobil qruplarda fəaliyyət göstərməyə ehtiyac var. Necə ki, əks tərəf bunu edir.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə düşünür ki, sosial şəbəkələrdə iqtidaryönlü gənclərin aktivliyi kifayət qədərdir:
- İqtidaryönlü gənclərin səhifələrinə, oradakı statuslara baxsaq, onların çox aktiv olduğu məlum olcaq. Qruplarında nə qədər üzvlər var və yetərincə də şərhlər olur. “Prezidentə dəstək” , “Qələbə” qruplarında onların fəallığı açıq- aydın görünür. Sadəcə olaraq, bu, əvvəldən formalşmış bir fikirdir ki, müxalifətyönlü gənclər guya internetdə iqtidaryönlü gənclərdən güclüdür. Hazırda monitorinq edilsə, görəcəksiniz ki, kifayət qədər aktiv gənclər var. Məsələn, bizim yay məktəblərinə göndərdiyimiz gənclər var ki , heç bizə demədən özləri öz aralarında qruplar yaradırlar, bir- birlərilə yazışmalar aparırlar. Və yaxud “Qələbə” qrupunda əhəmiyyətli bir məsələ ilə bağlı 1000-1500 şərh yazılır. Bu, aktivlik deyil bəs nədir? Sadəcə olaraq, “müxalif” adlanan gənc söyüş, təhqir, insanları alçaldan fikirlər yazdığına görə, ola bilsin ki, daha çox diqqət çəkə bilir”.

Şahanə Rəhimli
AzVision.az

Teqlər: