Cinayətlərin 87%-nin üstü açılıb

Cinayətlərin 87%-nin üstü açılıb
  02 Avqust 2013    Oxunub:1147
Baş Prokururluqda ilin birinci yarısının nəticələri müzakirə olunub
Azərbaycan Respublikası Baş Prokurorluğunda prokurorluq orqanları tərəfindən 2013-cü ilin birinci yarısında “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyətinə və bu məsələnin bölgə müşavirələrində müzakirələrinin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluqdan AzVision.az-a verilən məlumata görə, məruzə ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, cari ilin birinci yarısında Azərbaycan Respublikası Prokurorluğu tərəfindən digər hüquq mühafizə orqanları, ilk növbədə Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi, dövlət müstəqilliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlər görülüb. Hesabat dövründə prokurorluq orqanlarının bütün səyləri “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın icrasına istiqamətləndirilib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin müəyyən edilmiş müddətlərdə və keyfiyyətli icrası məqsədilə konkret tapşırıqlar verilib.

Hesabat dövründə respublikada qeydə alınmış 10.929 cinayətin 86,9 faizinin açılması təmin edilib.

Əməliyyat müşavirəsində qeyd edilib ki, 2013-cü ilin birinci yarımilində istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin səmərəliliyinin artırılması, bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması istiqamətində görülən tədbirlər də öz müsbət nəticələrini verib, istintaq fəaliyyətini həyata keçirən Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Vergilər və Fövqəladə Hallar nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin müvafiq qurumlarının fəaliyyəti daha da səmərəli olub. Həmin qurumlar tərəfindən 4.647 cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsində keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti