Azərbaycanda ağır qəzaların sayı artıb - STATİSTİKA

  30 İyul 2013    Oxunub : 1082
Azərbaycanda ağır qəzaların sayı artıb - STATİSTİKA
2013-cü ilin 1-ci yarımili ərzində yol hərəkətinə nəzarət prosesində DYP əməkdaşları 683.430 YHQ pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 4.749, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 118.588, ötmə qaydalarının pozulması üzrə 14.226, yolayrıslarının keçilməsi qaydalarının pozulması üzrə 19.605, sərnişin daşıma qaydalarının pozulması üzrə 2.588 fakt aşkar ediblər. YHQ pozuntusuna görə 814 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılıb.
AzVision.az-ın məlumatına görə,bu barədə DİN Baş DYP İdarəsidən bildirilib.

Baş idarənin əməkdaşları tərəfindən 2013-cü ilin 1-ci yarımili ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılıb, 47.764 avtomobil ilkin qeydiyyata alınıb, 51.226 ilkin sürücülük vəsiqəsi verilib.

Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş profilaktik tədbirlərə baxmayaraq ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin, onların nəticəsində həlak olan və yaralananların sayında artım qeydə alınıb. Belə ki, yarımil ərzində respublika ərazisində 1366 YNH-i qeydə alınıb, nəticədə 556 nəfər həlak olub, 1452 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 88 fakt (6,9%), həlak olanların sayı 120 nəfər (27,5%) və yaralananların sayı 90 nəfər (6,7%) artıb.

DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 159 YNH-si qeydə alınıb, nətisədə 170 nəfər həlak olub, 119 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 26 fakt (19,5%), 66 nəfər (63,5%) və 32 nəfər (36,8%) artıb.
Bakı şəhəri ərazisində 490 YNH-i qeydə alınıb, bunların nəticəsində 160 nəfər həlak olub, 506 nəfər yaralanıb. 2012-ci ilin 1-ci yarımili ilə müqayisədə YNH-nin və yaralananların sayı uyğun olaraq 13 fakt (2,6%), 52 nəfər (9,3%) azalıb, həlak olanların sayı isə 29 nəfər (22,1%) artıb.

Respublika üzrə qeydə alınmış YNH-nin 92,6%-i (1265) sürücülərin YHQ pozmaları, o cümlədən 30,9%-i (422) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 30%-i (409) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 8,8%-i (120) yolayrıslarını keçmə qaydalarının pozulması, 3,1%-i (43) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. YNH-nin 38,4%-ni (525) piyadaların vurulması təşkil edib, nəticədə 189 piyada həlak olmuş, 388-i yaralanmışdır. 68 YNH-i piyadaların YHQ pozmaları nətisəsində baş verib. Respublika üzrə qeydə alınmış YNH-i nəticəsində 43 nəfər uşaq və yeniyetmə həlak olub, 126 nəfər yaralanıb. Ümumiyyətlə qeydə alınmış YNH-i nəticəsində həlak olanların 556 nəfərdən 430-u kişilər, 126-ı qadınlar, xəsarət almış 1452 nəfərdən isə 1099-u kişilər, 353-ü qadınlar təşkil edib.

Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin güsləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə DYP əməkdaşları tərəfindən 3 ədəd tüfəng (1 ədəd yivsiz və 2 ədəd TOZ-8), 3 ədəd tapança (2 ədəd yivsiz və 1 ədəd qaz), 5 ədəd avtomat, 4 ədəd «F1» əl qumbarası, 2 ədəd avtomat sandıqçası, 890 ədəd müxtəlif kalibirli patronlar aşkar edilərək istintaq orqanlarına təhvil verilib.

Yarımil ərzində polisin digər xidmətləri ilə birgə 28 fakt üzrə: 11 kiloqramdan çox (o cümlədən 6 kq 583 qram marixuana, 7 kq 5 qram heroin, 2 kq 355 qram tiryək, 2 kq 35 qram həşiş qətranı, 48 qram metadon, 0,314 qram metanfetamin) narkotik maddə və 1448 ədəd çətənə kolu aşkar olunub.

2013-cü ilin 1-ci yarımili ərzində BDYPI-nə 138 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olub ki, onlardan 103-ü tapılıb. BDYPI-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 11 şəxs və 36 avtomobil saxlanılıb, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 158 fakt və 16 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.

AzVision.az

Teqlər: