İçkili maşın sürənləri nə gözləyir?

İçkili maşın sürənləri nə gözləyir?
  14 Mart 2016    Oxunub:3092
“Yeni İnzibati Xətalar Məcəlləsi sərxoş vəziyyətdə avtomobil idarə etməyə görə məsuliyyəti bir qədər yüngülləşdirib”.
AzVision.az xəbər verir ki, bunu yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib.

Ekspertin fikrincə, dəyişiklik sürücülərin yox, sərxoş vəziyyətdə avtomobil idarə edənlərin, yəni yüksək intizamsızların xeyrinədir: “Əslində bu, kobud səhvdir, çünki ümumi yol hərəkəti təhlükəsizliyinin ziyanınadır. Hətta dərinə gedilsə, alkoqoliklərin də ziyanınadır, çünki qanunun yumşalması onları yeni "qəhrəmanlığa" sövq edə bilər. Bunun sonu isə törədilmiş konkret qəzadan sonra dəmir barmaqlıqlar arxası, travmatologiya şöbəsində sürəkli müalicə, ən pis halda isə Əzaryılla erkən görüş ola bilər”,-deyə Ə.Hüseynov vurğulayıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklə sərxoş halda avtomobil idarə edənlərə qarşı cərimələr yüngülləşdirilib. Belə ki, köhnə məcəllə ilə sərxoş sürücü hər hansı kobud qayda pozuntusu törətdikdə ona 400 manatdan 500 manata kimi cərimə tətbiq edilməklə sürücülük hüququ 1 ilə qədər məhdudlaşdırılırdı.

İndi isə eyni pozuntunu törədən sürücü ya 400 manat və 5 balla cərimə olunacaq, ya da sürücülük hüququ məhdudlaşdırılacaq. Bu ayın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsi avtomobili sərxoş idarə edənlərin cəriməsini yüngülləşdirib. Sərxoş halda qaydaları pozan sürücülərə qarşı hansı cəzanın tətbiq ediləcəyini yol polisi müəyyənləşdirir. Yol polisi həmin sürücünü 400 manat cərimə və 5 cərimə balı ilə cəzalandıra bilər və yaxud sürücülük hüququnun məhdudlaşdırılması üçün məhkəməyə göndəriş yaza bilər. Bu dəyişiklik əksər sürücülərin narazılığına səbəb olub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti