Aqramuntun Bakı səfərinin məqsədi - ŞƏRH

Aqramuntun Bakı səfərinin məqsədi - ŞƏRH
  03 Mart 2016    Oxunub:4472
Bu həftənin ən önəmli hadisələrindən biri uzun illər Azərbaycan üzrə həmməruzəçi vəzifəsində çalışan, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hazırki rəhbəri Pedro Aqramuntun Azərbaycana səfəri idi.

İki günlük səfəri çərçivəsində AŞPA prezidenti Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov, AŞPA nümayəndə heyətinin üzvləri, vətəndaş cəmiyyəti və KİV təmsilçiləri ilə görüşlər keçirib.

Rəsmi görüşdə prezident İlham Əliyev Azərbaycanın Avropa Şurası Parlament Assambleyasının üzvü kimi müsbət inkişaf proseslərinə öz töhfəsini verməkdə davam etdiyini bildirib. Dövlət başçısı tərəfdaşlığımızın bundan sonra yeni inkişaf səviyyəsinə doğru irəliləyəcəyinə də əminliyini ifadə edib.



Bakıya səfərindən məmnunluğunu ifadə edən Avropa Şurası Parlament Assambleyasının prezidenti Pedro Aqramunt bu vəzifəyə seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdiyini vurğulayaraq ölkəmizin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Hazırda bütün dünyanın, xüsusilə Avropanın müxtəlif çağırışlarla üzləşdiyini deyən Pedro Aqramunt belə bir dövrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunmasının önəmini qeyd etdi və Azərbaycanın bəzi məsələlərin həlli baxımından mühüm ölkə olduğunu vurğulayıb.

Bakıda keçirdiyi görüşlərdən danışan Aqramunt yüksək çinli məmurlarla hüququn aliliyi və insan hüquqları məsələlərində səmimi və açıq müzakirələrə heyran qaldığını bildirib. O, eyni zamanda Azərbaycanın Avropa və Avropa Şurası ilə əlaqələrini inkişaf etdirməyə imkan verəcək dönüş nöqtəsində olduğuna inanndığını qeyd edib.

“Həssas geosiyasi vəziyyətdə olan Azərbaycanda bu çağırışlar enerji, insan haqları məsələlərini aşaraq maliyyə böhranı və xarici investorların cəlbini ehtiva edir”.

AŞPA sədri Bakı səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb: “Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalı ilə bağlı problemin həll edilməsi vacibdir. Bu münaqişə Azərbaycan və Ermənistanda qeyri-stabilliyə yol açmaqla yanaşı, həm də bu ölkələrin demokratiya, insan haqları və qanunun aliliyi sahələrində inkişaf etməsinə mənfi təsir göstərir”.

AŞPA sədri Pedro Aqramuntun Azərbaycana iki günlük səfərinin yekunlarına dair bəyanatı onun ölkəmizə qarşı ədalətli mövqedə dayandığını deməyə əsas verir. Ancaq, təəssüflər ki, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi məsələlərdə hər hansı bir nümayəndənin, diplomatın şəxsi mövqeyi bir o qədər də həlledici rol oynamır.



Aqramuntun Bakı səfərinə münasibət bildirən Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, deputat Rövşən Rzayevin fikrincə, ölkəmizin bu qurumla əlaqələrinin yüksək səviyyədə inkişaf etmədi olduqca vacibdir.

“Əlaqələrin uğurla davam etdirilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Doğrudur, AŞPA-da Azərbaycana qarşı bəzi hallarda ikilistandartlara yol verilir. Amma, Aqramuntun Bakıya gəlişinin müsbət nəticələr verəcəyinə inanıram”.

Aqramuntun peşəkar və təcrübəli siyasətçi olduğunu vurğulayan R.Rzayev bildirib ki, onun Azərbaycana qarşı sərgilədiyi mövqe ədalətlidir: “O, Azərbaycanpərəst deyil. Amma, Aqramunt ədalətli mövqeyə malik olan siyasətçidir. Bununla belə biz ondan yalnız ədalətli mövqe gözləyirik”.



Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Aqramuntun AŞPA prezidenti kimi Azərbaycana səfəri əlamətdar hadisədir:

“O, bu vəzifəyə seçiləndən sonra ilk səfərlərindən birini Bakıya edib. Beynəlxalq siyasətin yazılmamış qanunlarından biri də budur ki, ilk səfərlər hara edilirsə, həmin ölkələr prioritet ölkələr kimi qəbul edilir. Bu nöqteyi-nəzərdən AŞPA prezidentinin Azərbaycana səfəri, münasibətlərin inkişafı ilə bağlı söylədiyi fikirlər, ikitərəfli əlaqələrinə böyük önəm verilməsi ilə bağlı yanaşmaları, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri müsbətdir. Təbii ki, AŞPA münaqişənin həllinin birbaşa iştirakçısı deyil. Nəticəsi olmasa da bu missiyanı ATƏT-in Minsk qrupu həyata keçirir. Ümumiyyətlə, Avropa təsisatlarının münaqişənin həlli ilə bağlı mövqeyi belədir ki, onlar münaqişənin həllində ATƏT-in vasitəçilik missiyasını dəstəkləyir və tərəflər arasında əldə olunacaq hər hansı bir razılaşmanı qəbul edəcəklər”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti