Milli Məclisdə lisenziyalarla bağlı müzakirə

Milli Məclisdə lisenziyalarla bağlı müzakirə
  02 Mart 2016    Oxunub:2404
Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə olunub. Qanun layihəsi barədə danışan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, yeni iqtisadi şəraitdə aparılan islahatların davam etdirilməsi Azərbaycanın iqtisadi inkişafı üçün yeni imkanlar yaradır.

Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Rauf Hacıyev qanun layihəsində lisenziyanın verilməsi qaydalarının daha da sadələşdirildiyini deyib. Şöbə müdiri lisenziya ilə bağlı proseslərin elektronlaşdırılmasına diqqət çəkib:

“Hər bir sahibkar “Elektron lisenziya” portalında öz kabinetini yarada biləcək. Lisenziya üçün müraciət edən sahibkara kağız formasında sənəd deyil, kod veriləcək. Sahibkar bu kodu lazım olan təqdirdə yoxlayıcı orqana təqdim edəcək. Yoxlayıcı orqan bu kod vasitəsi ilə sahibkarın hansı fəaliyyətlə məşğul olduğunu, onun aldığı lisenziya və icazələri müəyyənləşdirə biləcək”.

Şöbə müdiri qeyd edib ki, qanun layihəsində ən mühüm dəyişikliklərdən biri də lisenziyaların sayının 37-dən 36-ya endirilməsidir:

“Əvvəllər Yabanı bitkilərin toplanması üçün də lisenziya tələb olunurdu. Edilən dəyişikliyə görə, bu fəaliyyət növü üçün lisenziya tələb olunmayacaq. Çünki, yabanı bitkilərdən dərman və ya ədviyyat kimi istifadə olunur”.

Deputat Vahid Əhmədov icazələrin sayının həddən artıq çox olduğunu deyib. Komitə üzvü qeyd edib ki, icazələrin sayı xeyli azaldılıb və 200-ə endirilib, amma bu say da çoxdur. Müzakirələrdən sonra qanun layihəsi III oxunuş üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti