Rusiya Azərbaycanın notasına cavab verdi

Rusiya Azərbaycanın notasına cavab verdi
  25 Fevral 2016    Oxunub:3442
“Rusiya silah tədarükü məsələlərində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hər zaman riayət edir”.
AzVision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistana silah satışı ilə bağlı Azərbaycanın Rusiyaya nota verməsinə münasibət bildirərkən deyib.

XİN rəsmisinin sözlərinə görə, Rusiya tərəfindən həm Ermənistana, həm də dost Azərbaycana istənilən silah tədarükü regionda qüvvələr balansını nəzərə almaqla həyata keçirilir:

“Ümumilikdə, Rusiya qanunvericiliyində möhkəmləndirilmiş milli ixrac nəzarət sisteminin sərt çərçivələri üzrə hərəkət edir. Ermənistan Rusiyanın müttəfiqidir. Bizim bu ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır. Hesab edirik ki, Rusiya həm Azərbaycan, həm də Ermənistana silah və hərbi texnika sataraq regionda qüvvələr balansının qorunmasını nəzərə alır”.

Ermənistan mətbuatının “Rusiya XİN Azərbaycanın notasını iki suveren dövlətin işlərinə qarışmaq cəhdi hesab edirmi” sualına isə M.Zaxarova bildirib:

“Mən deməzdim ki, bu, iki ölkənin daxili işinə qarışmaqdır. İstənilən qonşu ölkənin qanuni hüququ var ki, bir-birinə yaxın ölkələrin hansı mövqedən çıxış etmələri barədə maraqlansın və hərbi-texniki əməkdaşlıq məsələsi də şəffaf olmalıdır. Buna görə də biz hər zaman Azərbaycan tərəfinə diplomatik kanallar vasitəsilə bütün zəruri məlumatları təqdim edirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti