Rəsmi Bakı Suriya razılaşmasını dəstəkləyir

Rəsmi Bakı Suriya razılaşmasını dəstəkləyir
  24 Fevral 2016    Oxunub:1846
“Azərbaycan Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun həmsədrləri olaraq, Rusiya və ABŞ-ın Suriyada hərbi əməliyyatların dayandırılmasına dair 22 fevral tarixli birgə bəyanatını alqışlayır”.
AzVision.az xəbər verir ki, bunu Rusiya və ABŞ arasında Suriyada atəşkəsə dair razılaşmanın əldə olunmasını şərh edən Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

O, Azərbaycan prezidenti İlham Əliyevin fevralın 4-də Londonda keçirilmiş “Suriyaya və regiona dəstək” adlı konfransda və 23 fevral tarixində İrana rəsmi səfəri zamanı mətbuat konfransında etdiyi çıxışında Azərbaycanın Suriya böhranı ilə əlaqədar mövqeyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığını bildirib: “Bəyanata və Suriyada hərbi əməliyyatların dayandırılması şərtlərinə dair onun əlavəsinə uyğun olaraq, Suriyada 27 fevral 2016-cı il tarixindən etibarən atəşkəs qüvvəyə minməlidir. Azərbaycan tərəfi dəfələrlə bəyan etmişdi ki, Suriyada vəziyyəti normallaşdırmaq, problemin siyasi həllini tapmaq və yaşanan humanitar fəlakəti aradan qaldırmaq üçün ilk növbədə sülh və atəşkəs bərqərar olmalıdır. Sülh və atəşkəs bərqərar olduqdan sonra Suriya xalqı özü gələcəyini müəyyən etməlidir.

Ümid edirik ki, atəşkəsin əldə olunmasına dair razılaşma BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə və Suriyaya dəstək üzrə Beynəlxalq Qrupun qəbul etdiyi digər sənədlərə uyğun olaraq, Suriya xalqının iradəsi əsasında BMT-nin çətiri altında böhranın həlli üçün siyasi prosesinin başlanmasına təkan verəcək”.

XİN rəsmisi bildirib ki, Azərbaycan donor dövlət olaraq, Suriyadakı humanitar fəlakətdən əziyyət çəkən qaçqınlara humanitar yardım edib və bu yardımı davam etdirəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti