Rasim Əliyevi öldürən şəxslərin məhkəməsi keçirildi

Rasim Əliyevi öldürən şəxslərin məhkəməsi keçirildi
  05 Yanvar 2016    Oxunub:1854
Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilən Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevin işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə iclasında zərəçəkmiş tərəfin vəkilləri çıxış edərək işə yenidən baxılması üçün istintaqa qaytarılması və mərhumun müalicə aldığı xəstəxananın müalicə həkimlərinin məhkəməm prosesinə şahid qismində çağırılmaları barədə vəsatət qaldırıblar.

Belə ki, Rasim Əliyevin hüquqi varisinin hüquqlarının müdafiəçiləri - Əsabəli Mustafayev və Fariz Namazlı ilk vəsatətdə işin istintaqa qaytarılmasını, R.Əliyevi müayinə və müalicə edən həkimlərin istintaqa cəlb edilməsini istəyib.

Bundan başqa, vəkillər "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun təqsirləndirilməsinə dair cinayət işinin ayrı icraata götürülməsinə də etiraz ediblər. Vəkillər ikinci vəsatətlə bütün şahidlərin məhkəmədə ifadə vermələrini istəyib.
Məhkəmə vəsatətlərdən birincisini təmin etməyib, ikinci vəsatət isə baxılmamış saxlanılıb.

Proses yanvarın 12-də davam etdiriləcək.

Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülüb. Çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən R.Əliyev avqustun 9-da orada vəfat edib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. E.İsmayılov, C.Məmmədov, A.Əliyev, K.Mədətov və S.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

O cümlədən, “Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

AzVision.az


Teqlər:





Xəbər lenti