7 kəndə ilk dəfə qaz verildi

7 kəndə ilk dəfə qaz verildi
  19 Noyabr 2015    Oxunub:1568
Noyabrın 18-də Beyləqan, İsmayıllı və Ağcabədi rayonlarının daha 7 kəndinə təbii qaz verilib.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon İcra Hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Beyləqan rayonunda keçirilmiş tədbirdə bildirilib ki, rayonun ümumilikdə 1713 abonenti olan Kəbirli, Milabad və Mayak kəndlərinin ilk dəfə qazlaşdırılması məqsədilə 67 039 metrlik metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün İsmayıllı rayonunun ümumilikdə 348 abonenti olan İstisu və Çayqovuşan kəndlərinə təbii qazın verilişi bərpa edilib. Qazlaşdırma işləri zamanı ümumi uzunluğu 24 237 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

18 noyabr tarixi ağcabədililər üçün də əlamətdar olub. Belə ki, Ağcabədi rayonunun Rəncbərlər və Hüsülü kəndlərinə yenidən “mavi yanacaq” verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, ümumilikdə 1332 abonenti olan kəndlərin qazlaşdırılması üçün birpilləli sistem əsasında 67 730 metrlik qaz xətləri çəkilib, 1332 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Teqlər:  





Xəbər lenti