Ey möminlərim əmiri – Həzrət Əlinin ad gününə

Ey möminlərim əmiri – Həzrət Əlinin ad gününə
  24 May 2013    Oxunub:1614
Ey Möminlərin əmiri! Sən Allah evi Kəbədə dünyaya göz açdın. Kimsəyə belə bir şərəf nəsib olmadı. Allah səni Öz evində qəbul etdi, üç gün Ona qonaq oldun. Sonra da əziz anan ilə birgə daxil olduğunuz divardan çölə çıxdınız. Onda müşriklərin ağzı açıla qalmış, işin əzəmətinə gözləri bərəlmişdi, görmüşdülər ki, Kəbə yarılmış, anan Fatimə ora girmiş, üç gündən sonra qucağında sən çölə çıxmışdı. Yer üzü yaranandan belə bir hadisə olmamışdı...
Ey Möminlərin əmiri! Allahın Rəsulunun evində böyümüşdün, onun köksündə boya-başa çatmışdın. Hələ sən balaca ikən, o, tikəni çeynəyib sənin ağzına qoyar, sən də onu ağzında bir-iki dəfə şirin-şirin dolandıraraq udardın. O, təbəssümlə sənə, sən də gülər gözlər və məmnun duyğularla ona baxardın. O səni gözləri, sözləri, əməl və davranışları, bir sözlə, bütün varlığı ilə yetişdirirdi. Onda hələ heç kim yox idi, heç kim! Amma ikiniz var idiniz...

Ey Möminlərin əmiri! Sən İslam məktəbində və sevimli müəllim Peyğəmbərimizin dərsində yetişmiş nümunəvi İslam şagirdi idin. Sən bəşəriyyətə göstərdin ki, Allaha və Onun sevimli Rəsuluna, həqiqətən də, itaət edən səni kimi kamil insan və əsil müsəlman olar. Sən öz yaşayışınla İslamın həqiqətini və onun bəşəriyyətdən nə istədiyini göstərdin.

Ey Möminlərin əmiri! Sən ilk müsəlman kişi oldun. Səndən öncə heç bir kişi namaz qılmadı. Onda on yaşın vardı. Allah Elçisinin dəvətini qəbul etdin və öncüllük qazandın. Görərdilər ki, Kəbə ilə üzbəüz üç nəfər namaz qılır. Biri sən idin, Allahın Rəsulunun arxasında dayanıb anamız həzrət Xədicə ilə birgə namaz qılardın...

Ey Möminlərin əmiri! Sən Allahın Rəsulunun qoruyucusu idin. Məsciddə bir sütuna söykənərək Allahın Rəsulunun evinin qapısı tərəfə əyləşər, saatlarca beləcə dayanar, onu münafiqlərdən, kinli düşmən şərindən qorumaq üçün gözdə-qulaqda olardın. Sənin bu işini hamı görür və hamı bilirdi. Sonralar o sütuna “Əli ibn Əbu Talib sütunu” və ya “qoruyucu sütun” dedilər. Üzərinə “Ustuvanətul-həras” (Qoruycu sütun) yazılmış o sütun indi də sənin o fədakarlığını və Allahın böyük Elçisinə vəfalı olmağını xatırlatmaqdadır...

Ey Möminlərin əmiri! Sən zahirdə bir-birinə zidd olan kamilliklər sahibi idin. Gecələr abid, gündüzlər mücahid, savaşda cəngavər, namazda dünyadan bixəbər. Yetimləri görəndə qüssədən az qalırdın özündən gedəsən, zalımları görəndə isə qəzəbindən coşub daşırdın. Elm və hikmət bulaqları sənin varlığından qaynayırdı, buyururdun ki, “yənhəduru ənnis-seyl” ‒ məndən elm və hikmət selləri çağlayır... bulaqları qaynayır, şırıl-şırıl axır, tökülür, ətri duyanları bihuş edir, parıltısı gözləri qamaşdırır, dadı uzun müddət damaqlardan çəkilmir, istəyən də, istəməyən də ondan içmək istəyir. Sirab olanlar sadəcə baxmaq istəyir, baxdıqca yanğısı bir daha şölələnir, səngiməyir, bitməyir...

Ey Möminlərin əmiri! Hökumət, hakimiyyət, xəlifəlik, rəhbərlik sənin üçün önəmli deyildi. Dünya və ona aid olanları sən çoxdan boşlamışdın. Sənin rəhbər olma istəyin yalnız zalımları əzmək, məzlumlara kömək haqqında Allahın Rəsuluna verdiyin sözə görə idi. Bəziləri sən xəlifə olarkən səni də özlərinə bənzətdilər, amma onlara yır-tıq-sökük nəleynini göstərib dedin ki, sizə hakimiyyət etməyim bundan da dəyərsizdir. Bu, sadəcə söz deyildi, əməllərindən bunu hamı bilirdi, kimi təəccüblənirdi, kimi də bir şey başa düşməyib keçir, gedirdi...

Ey Möminlərin əmiri! Sən İslamın önəm verdiyinə önəm verir, kiçiltdiyini kiçildirdin. Buna görə də Allahın, bəndələrin, heyvanların və təbiətin haqlarına dəqiqliklə riayət edirdin. Sənin yaşayışın bunun göstəricisi olan nümunələrlə doludur. Bir gün eşitdin ki, səhabələrdən Səsə`ə ibn Suhan xəstələnib, tez onun evinə gedib vəziyyəti ilə maraqlandın. Onun sadə yaşayışını görüb təriflədin və ona: Allaha and olsun, sənin haqqında sadə yaşayışın və camaata gözəl şəkildə kömək olmağından başqa bir şey bilmirəm. ‒ buyurdun. Sonra həmin dəyərli səhabəni nəfsinin hiylələrindən amanda saxlamaq üçün sonuncu dərsini də verdin: “Mənim gəlişimə görə qəbilənin qarşısında lovğalanma”.

Ey Möminlərin əmiri! Sənin alicənablığın, əzəmətin və heybətin dost və düşməni heyrətə gətirirdi, çox zaman da dəhşətdən qəlblər parça-parça olmaq istəyirdi. Bir gün dostlarından birisi səndən ona öyüd verməyini istəmişdi, bir-iki cümlə deyərək susmaq istəmişdin, yanğısı daha da çoxalmışdı. Sənin maarif qığılcımların lazım olan yerə düşdüsə, oranı mütləq alovlandırır. Əl çəkmədiyini görüb ona pəhrizkarları anlatmağa, onların olduqları vəziyyəti sadalamağa başlamışdın. Demişdin, demişdin, çağlamışdın, coşmuşdun... damcılar yerini leysana, ley-san yerini selləməyə, selləmə gölləməyə vermişdi... bir də görmüşdün ki, hay-küy qalxdı... dinləyəni sel aparmışdı… ürəyi sözlərin əzəmətinə, söz sahibinin heybətinə davam gətirə bilməmişdi, qarşısında sellərin, göllərin yaratdığı əzəmətli dəryanı gördükdə, orada bütün kainatın əksini görmüş, yox, yox, orada, sanki, Allahın Özünü görmüş və can quşu fəryad edərək qəfəsini parçalayıb çıxmışdı...

Ey Möminlərin əmiri! Sənin həyat tərzin ümmətin kasıblarının təskinlik yeri idi. Çünki sevimli xəlifələrinin də onlar kimi və hətta onlardan da fəqir yaşadığını görürdülər. Bu da onların olduğu vəziyyətə səbir etməsini asanlaşdırırdı. Sən də adi camaat kimi hər gün işləyər, həmin günün xərini əldə edərdin. Su daşıyar, ağac əkər, camaatın bağını sulayaraq yaşayış ehtiyaclarını ödəyərdin. Təndiri qalamaq üçün gedib odun toplayar, çiyninə alaraq evə gətirərdin. Evdə ev işlərinə kömək edər, evi süpürər, həyat yoldaşına hayan olardın. Allahın Rəsulundan sonra heç bir İslam başçısı sənin kimi sadə yaşamış, yaşaya bilməmişdi...
Sən belə həyat tərzinlə vəzifə sahiblərinə dərs vermişdin ki, adi camaat kimi yaşamağı özlərinə ar bilməsinlər. Onlar da hamı kimi adi Allah bəndələridirlər. Adi insanlar öz şəxsi ehtiyaclarını özləri ödəyirlərsə, onlar da qulluqçu, xidmətçi əvəzinə, öz işlərini özləri görməlidirlər. Hamı bilirdi ki, sənin xəlifəlikdən əvvəlki həyatınla xəlifəlik dövründəki həyatın arasında heç bir fərq olmayıb. Sənin ideal həyat tərzinə baxanlar bilirdilər ki, vəzifə sahibləri ağa deyil, xalqın xidmətçiləridirlər. Buna görə də xalqa minnət qoymamalı, yuxarıdan aşağı baxmamalı, onların haqqını yeməməlidirlər.

Ey Möminlərin əmiri! Sən möminlərin qeyzli əmirindən çox şəfqət rəhbəri idin. Xalqın kasıbı sənə baxdıqda toxdayır, varlısı səni gördükdə utanırdı. Sənin yeməyin quru çörək və su idi. Hətta övladların çörəyinə yağ çəkməsinlər deyə, quru çörəyini ağzı bağlı yerdə saxlayırdın. Kimsənin belə yaşayışa dözümü yox idi. Buna görə də digərlərinə ət, yağ, bal və yumşaq çörək alıb yedizdirirdin.

Ey Möminlərin əmiri! Ehtiyacına görə kimsənin alçalmasına razı olmazdın. Bir gün Haris adlı birisi sənin yanına gələrək ehtiyacını bildirmək istəmişdi. Ayağa durub çırağı söndürmüş, sonra ondan nə istədiyini soruşmuşdun. Hərəkətinin mənası ona aydın olsun deyə buyurmuşdun: çırağı söndürdüm ki, istəyini dilə gətirəndə kiçilməyəsən. İndi bir istəyin varsa, çəkinmə. Çünki Allahın Rəsulundan eşitdim ki, ehtiyac Allahın bəndələrin qəlbindəki əmanətidir. Onu gizləyənə ibadət savabı yazılar, açıb danışana isə onu eşidənlərin kömək etməsi lazımdır.
Sən bu gözəl davranışınla möminlərə və müsəlmanlara çox gözəl dərs verdin ki, onlara ağız açan möminləri əliboş qaytarıb ikinci dəfə alçalmasına razı olmayın, imkanınız varsa, kömək edin (və minnət qoymayın), ya da heç olmasa ehtiyacını ödəməsi üçün bir yol göstərin.

Ey Möminlərin əmiri! Sən Allah yolunda qınanılmaqdan narahat olmurdun. Əsas Allahın qınağı idi, bundan qaçardın, uzaqlaşardın. Buna görə də hamıya bir gözlə baxardın, qənimət və mal bölgüsündə ədalətlə davranardın. İnciyənlər də olurdu, amma buna əhəmiyyət vermirdin. Bir gün böyük qardaşın gəlib səndən müsəlmanların malından ona əlavə bir şey verməyini istəmişdi. Anlatmışdın, anlamaq istəməmişdi, belə olduq-da, isti dəmiri əlinə yaxınlaşdırmışdın, az qala yandıracağını hiss edib qışqırmışdı. Demişdin ki, sən buna dözə bilmirsən, bəs mən Cəhənnəm oduna necə dözərəm?!

Ey Möminlərin əmiri! Ey Möminlərin əmiri!...

Dilman Şahmərdanlı


Teqlər:  





Xəbər lenti