Amnistiyanın icrası nə yerdədir?

Amnistiyanın icrası nə yerdədir?
  23 May 2013    Oxunub:1393
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisinin 7 may tarixli qərarı ilə Milli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilib.

Azvision.az-ın əldə etdiyi məlumata görə, bugünədək 609 məhkuma amnistiya tətbiq edilib. Onlardan azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müəssisələrində cəza çəkən 488 şəxs azadlığa buraxılıb, islah işləri cəzasına məhkum olunmuş 117 nəfər isə həmin cəzadan azad edilib.
4 məhkumun cəzasının qalan müddəti amnistiya qərarına uyğun olaraq 6 ay azaldılıb.

Amnistiya qərarının icrası gündəlik olaraq həyata keçirilir. Qərara əsasən 4 ay müddətində amnistiya tam icra olunmalıdır.

Xatırladaq ki, Amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslərin azadlıqdan məhrum etmə cəzasından azad edilmələri nəzərdə tutulur.

Həmçinin, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi bir ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə, cəzadan azad olunacaq.

Ümumilikdə təqribən 9.000 şəxsin amnistiya aktının təsiri altına düşməsi ehtimal edilir. Bunlardan 2.000-dən artıq məhkumun azadlıqdan məhrum etmə yerlərindən azad edilməsi gözlənilir.

Azvision.az gündəlik olaraq amnistiyanın icrası ilə bağlı məlumatlar verəcək.


Teqlər:  





Xəbər lenti