Qız bəyənən atalar və oğlan bəyənən analar

Qız bəyənən atalar və oğlan bəyənən analar
  23 May 2013    Oxunub:1813
Əsəd Qaraqaplan

Mentalitetin üstümüzə çökən qara buludları, deyəsən, hələ də yağıb-boşalmaq və günəşin qarşısını açmaq fikrində deyil. Yağış yağmadığına və gün çıxmadığına görə əlimizdəki çətirin də bir işə yaramadığını görməkdəyik. Sadəcə, bu buludların yağıb-boşlamsını və günəşin çıxmasını gözləməkdən başqa indiki halda əlimizdən çox şey gəlmir. Yəni birbaşa desək; köhnə nəslin - valideynlərimizin bu işdən yorulub əl çəkməsini – bir nəsil kimi sıradan çıxmasını gözləməkdən başqa çarə yoxdu...
Köhnə nəsil, daha dəqiq desək, valideynlərimiz başqa sistemin (Sovetlər Birliyinin), başqa dövrün (XX əsrin) adamları olduğuna görə onlarla yeni nəsil - övladları arasında dərin uçurumlar var.
Ona görə də bu mentalitet buludları onların – köhnə nəslin var olduğu sürəcə yağıb-boşalmaq, günəşin qarşısını açmaq fikrində deyil.

Nə qədər radikal yanaşma kimi səslənsə də, mənə görə, faciənin kökü də buradadı. Hətta bu uçurumun kökündə dərin psixoloji xəstəliklər və iyrəncliklər də gizlənir.

Ama bu köhnə dəyərlər artıq ölüm ayağındadı. Bunu da danmaq olmaz. Elə buna görə də bu köhnə dəyərlər, ölüm ayağında olan insan kimi, son gücünü toplayıb, biraz da din pərdəsi altında özünü daha çox göstərməyə çalışır. Bu üzdən də bugün cəmiyyətimizdə mentalitetin ən murdar çalarlarını və fəsadlarını görməkdəyik...

Bu yazıda buna əyani sübut ola biləcək bir məsələdən söhbət açmaq istəyirəm.

Bugün cəmiyyətimizdə çox yayğın olan bir mental məsələnin tez-tez şahidi oluruq: oğlu üçün qız bəyənən atalar və qızı üçün oğlan bəyənən analar. Təsəvvür edin, bir ata gedir bir dostunun, tanışının, ya da başqa bir adamın evinə, orda bir qız görür, XOŞUNA GƏLİR və onu OĞLUNA ALMAĞA qərar verir... Ya da bir ana hardasa bir oğlan görür və XOŞUNA GƏLİR və ÖZ QIZINI ONA VERMƏK istəyir...

Məsələ bu ki, atalarımızın XOŞUNA GƏLƏN qızlar məhz atalarımızın XOŞUNA GƏLƏN qızlardı. Yəni bir başa desək, atamızın zövqündə olan qadınlardı. Ya da analarımızın oğlan seçimi də elə. Burda Freydist qatlar var, yəni üzdə ÖVLADININ XOŞBƏXTLİYİ dayanır, şüuraltındasa dediyimiz kimi, XOŞA GƏLMƏK... Əlbəttə, istisnalar da var və istisnalar qaydaları pozmur... Biz ümumi bəladan danışırıq...

Sonu da hər gün qarşılaşdığımız zorakılıqlara və ailələrinin dağılmasına səbəb olur...

Valideynlər bu cür düşünməsələr, həyat yoldaşı seçimini də övladların öz öhdələrinə buraxarlar və onları hər mənada azad buraxıb, daha çox xoşbəxt olmalarına yol açarlar...

Bəzən elə adamlar da olur ki, bizi mentaliteti – milli-mənəvi dəyərləri tənqid etdiyimizə görə bu sözlərlə qınayırlar: “Uşaqlarını azad buraxan Avropanı, Rusiyanı, Amerikanı mənnən yaxşı tanıyırsan? Qız evə oğlanını gətirir, ailəsinə göstərir, valideyn bilmir heç bu oğlanın kim olduğunu. Sadəcə deyirlər qızım sevibsə, tamam. Sonda nə olur bəs? Qız bilmir uşaq kimnəndi, uşaq bilmir atası kimdi. Qaynata gəlinə göz qoyur, kürəkən qaynanaya. Budur müasirlik? Budur azadlıq?”

Onda mən də sual verirəm: “Bəs azadlıq, müasirlik hər gün evlərdə zorlanma hadisələrini və boşanmaları eşitmək, küçələrə, uşaq evlərinə atılan uşaqları görməkdi? Və daha murdar nələr-nələr...” Mən də bu cəmiyyəti yaxşı tanıyıram axı...

Sonra da belə deyirlər: “Dünyanın hər yerində boşanma da var, intihar da. Yetim uşaqlar da. Bizdən də çox. Bunu tək bizim millətin adı ilə bağlamaq olmaz...”

Onda yenə mən belə deyirəm: “Hətta dünyanın hər yerində varsa belə, bu, cəmiyyətin faciəsidi. Faciəyə də azadlıq, müasirlik və s. ad qoymaq, bunu qoruyub-saxlamaq da faciəni daha da dərinləşdirməkdi. Mən də bunu deyirəm. Çürük dəyərlərlə yaşayan bir cəmiyyətin heç nəyi gözəl ola bilməz. Ona görə də bundan yapışıb qalmaq da gələcək nəsilləri də kor etməkdi...”

Övladların xoşbəxtliyi valideynlərin əlində deyil, öz əllərindədi. Bir anlıq düşünün bunu - sizin nə istədiyinizi, nəyin sizi xoşbəxt edəcəyini valdeynləriniz yaxşı bilə bilər, yoxsa özünüz?

Əziz valideynlər! Övladlarınızın xoşbəxtliyi sizin yox, onların öz əlindədi. Bunu artıq anlayın və çəkilin yolumuzdan... Sizin doğru bildiyiniz hər şey bizim yanlışımız və bədbəxtliyimizdi; necə ki bizim də doğru bildiyimiz hər şey sizə görə yanlış və bədbəxtlikdi. Yanlış bildiyimiz xoşbəxtliklərimizi yaşamağa imkan vermirsiz, heç olmasa imkan verin doğru bildiyimiz bədbəxtliklərimizi yaşayaq...


Teqlər:





Xəbər lenti