Savadsız ol, əxlaqsız ol, avtoş ol!..

Savadsız ol, əxlaqsız ol, avtoş ol!..
  06 Yanvar 2015    Oxunub:4970
Elşən Musayev

Çevrəmi, yaxın dostlarımı, jurnalistləri həmişə qınamışam. Avtoş söhbətinə görə. Üstəgəl, ağrıma, pisimə gəlib: məsum insanlar bir tək adrenalin ucbatından yüz cür qınağa, tənqidə, təhqirə tuş olublar deyə(n)…


Bax, məsələn, keçən səfər bir məşhur “futbolist”imiz “Fəhlə” prospektində 2 süpürgəçini eyni anda elə futbol topu kimi vurub kənara atdı. 160 km sürətlə. Bilmədən. EHTİYATSIZLIQ ucbatından! Hələ anası namaz üstdə imiş ki, həmin süpürgəçilərdən biri ölməyib, sağ qaldı. Allah köməyi olsun (“futbolist”i deyirəm). Tanrı o gözəl ürəyinə görə versin. Demək, adamın bu həyatda çoxlu-çoxlu savabları varmış ki, prosesdən “duble”effektlə çıxmadı. İki adamı birdən qəbirə soxmadı. Amma… bu lütfün, insanpərvərliyin qarşılığında ictimaiyyət, saytlar, qəzetlər neylədi? Götürdülər “futbolist”imizi “puşka”ya. Ay nə bilim xuliqandı, cinayətkardı, harındı və sair və ilaxır. Oldumu? Olmadı, qardaşım. İzah edim, niyə olmadı...

Əvvəla, süpürgəçi dediyin onsuz da hər gün ölüb-dirilir. Olsun bir dəfə də ölmək, olmasın bir dəfə dirilmək. Dünya dağılar? Yolların, divarların, asfaltın zəri tökülər? Yoxsa əlindəki süpürgə yetim qalar?...Və ya belə deyək: bir süpürgəçinin həyatda yoxluğu guya nəyi dəyişir ki? Nəyi dəyişəcək ki? Nəyi dəyişə bilər ki?..Ölüb ölüb də. Heç dəxli var. Böyük şey olub! Payatonnan! Adamın zatən həyat missiyası budur da: Ölmək! Gəbərmək! Hansısa bazburutlunun, harının əlində girinc, əsir-yesir qalmaq… Gərəkirsə lap qurban olmaq, həşərat kimi əzilmək, parçalanmaq,dağılmaq!..

Niyə mövzunu bu qədər şişirdirsiniz ki?

Ya da 1 ay öncə eşidirəm ki…filan bərkgedən “qaqa”nın toy kartejində maşınlar bir-birinə “girib”. El-aləm də bunları götürüb haydı-huyduya. Ay nə bilim maşını heyvan kimi sürürlər, qudurğandırlar, bağ elə-bostan belə… Nə var-nə var, yüngülcə “avariya”da CƏMİ-CÜMLƏTANI (?) 3 adam ölüb, 4-ü də xəstəxanalıq olub… Vəssalam! Nəttər gülməlidir e. Deyilmi? Və ya o boyda cütlüyün xoşbəxt taleyi, gələcəyi qala bir yanda, camaat durub 3 meyidin söhbətini eləsin…Yaxşı bəs, bu necə, oldumu? Vallah ki, olmadı yenə. Orasını da deyim, niyə olmadı…

Əvvəla ondan başlayım ki, gəlin maşınını həlqəyə almaq, müxtəlif “tryuk”lar edib, qəfil “tormoz”lar verib maşında oturan ananın, bacının, arvadın ayaqlarını göyə qaldırmaq, gedilən restorana qəzasız-xətasız yetişmək üçün yol boyunca nəzir-niyaz paylamaq millətimizin köhnə və dəyişməz adətlərindən biridir… Onsuz olmaz. Olsa, adı toy olmaz! Və ya harda görünüb ki, evdən gəlin dalınca, oradan isə restorana bambılı kimi, Şumaxerin atasına rəhmət oxutdurmadan gedəsən? Ya da “FI-FA” zırıldatmadan, “probka” yaratmadan, var-yoxunu sadə vətəndaşın dilinə salıb çeynətmədən “pensioner” kimi şütüyəsən? Hə?!

Yaxşı bəs dəyərli bəyin qəhrəman dostları noolsun? Bekarmı qalsın? Və ya “canciyər”lər illərlə bu günü gözləyib, gecədən maşın yudurdub, narşərabla təkər qaraldıb, nömrə yerinə “dostum evlənir”- kimi SƏVİYYƏLİ plakat yapışdırıb, üstəgəl “Rent a car”-dan da bahalı avtomobili ona görə kirayələyiblər ki, nə var nə var bütün bu əziyyətlərin sonucunda özlərini adam kimi aparacaqlar? Maşını adam balası kimi sürəcəklər?

Kefsiz e, vallah...

***

Hələ aeroport yolunda hər həftə sonu keçirilən “qonka” lardan danışım. O gün birini şəxsən izlədim. Təsadüfən. Gecə saat 1 olardı. Yanımdan 5 saniyə aralığı ilə vızıldayıb keçdilər. Güllə kimi. Hamısı da elə “distiplin”li (hətta Prezident kortejinin gəliş-gedişini öncədən dəqiqləşdirəcək qədər!), elə tərbiyəli, elə utancaq uşaqlardı ki….Biri “baboçka”da, o biri makiyajda, digəri ortadan ayrılmış saçına taxdığı “obodok”da....Hələ aralarında bir gombules vardı, lırt bədənə şəffaf köynək geyinmişdi, hər yeri çöldə idi. Elə maşındanca görünürdü. Boyununda da “sep”.

Ürəyimdən keçdi, barı bircəciyini tutub alnından, üzündən öpüm, onlarla nə qədər fəxr elədiyimi, genofondumuza bu nadir inciləri, pırıl-pırıl gəncləri bəxş edən valideynlərin qarşısında baş əydiyimi özlərinə, üzlərinə söyləyim. Duyurum! Amma yetişəmmədim. QADASINALDIQLARIM nəttər sürət yığmışdılarsa yetişəmmədim…

***

Ölən adamın dalınca danışmazlar, amma vallah ki, günü-gündən atamı daha çox qınayıram. Hətta bəzən onu bağışlaya bilmirəm. Həm uşaqlığım, həm gəncliyim, həm də bu günümdən dolayı…

Adam qos-qoca bir Universitetin rektoru ola-ola ailəsini avtobuslarda gəzdirdi, metrolarda çürütdü. Balalarını müasir dövrün ən mənasız əşyasına – KİTABA öyrətdi, aludə etdi. Bizi bu həyatın ən uğursuz dayanacağında – ELM DƏRGAHINDA, üstəgəl ünvansız bir düzəngahda düşürdü. Düşürdü və getdi. Hələ bu da azmış kimi 20 il boyunca qulağımıza saflıq, dürüstlük, mərdlik haqda nağıllar püflədi…

Oysa, mən bu həyatda bir oğraş, bir elmsiz görmədim ki bədbəxt olsun…

Mən bu həyatda bir fahişəyə, bir beyinsiz qadına rastlamadım ki evdə qarısın, ata evinə qayıtsın, pulsuz, dayəsiz, sürücüsüz qalsın…

P.S. Bütün sevdiklərimin canına and verib deyirəm: hazırda həmin o haqqında danışdığım avtoşların yerində olmaq üçün çox şeyimi qurban verərdim… Düşünmədən!

Belədə ki, avtoş yerində olmaq nədir e... hətta lap “Fəvvarələr”meydanında 3 kvadrat metrlik dönərxana üçün BDU-nun “Hüquq” fakültəsindən aldığım 3 qırmızı diplomu (bakalavr, magistr, aspirantura) gözümü qırpmadan peşkəş edərdim... Anındaca!
Niyəsini sormayın...

aktual.az


Teqlər:  





Xəbər lenti