Telefon qaçaqmalçıları saxlanılıb

Telefon qaçaqmalçıları saxlanılıb
  10 Dekabr 2014    Oxunub:1356
Ölkəmizin gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsindən (DGK) AzVision.az-a verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşı Babayev İsa Sabir oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı, 10 LD 955 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı nəqliyyat vasitəsinin mühərrik sisteminin yanından və avtomobilin yük yerindən 1889 ədəd pirotexniki vasitələr və 43 ədəd müxtəlif markalı mobil telefonlar aşkar edilib.

Gürcüstan ərazisindən tranzit keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına idxal nəqliyyat xətti ilə gələn Rusiya Federasiyasının vətəndaşı Qorodinskiy Artur Alekseyeviçin idarə etdiyi “Lada 219110” markalı, M 908 TA 161 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük baxışı zamanı isə həmin avtomobilin yük yerindən və avtomobilin salonundan 1 ədəd dəyənək, 213 ədəd müxtəlif markalı mobil telefonlar və 176 ədəd mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti