Seçkinin İrana yaratdığı təhlükələr – TƏHLİL

Seçkinin İrana yaratdığı təhlükələr – TƏHLİL
  08 May 2013    Oxunub:2020
İranın molla rejimi özü üçün yaranmış ən mürəkkəb geosiyasi dövrdə prezident seçkilərinə hazırlaşır. İyunun 14-də keçirilməsi planlaşdırılan prezident seçkiləri İranın siyasi sistemi üçün əsl sınaq olacaq. Belə ki, prezident seçkiləri ərəfəsində adətən ictimai fəallığın artması müşahidə olunur və İranda xarici təzyiqlərin nəticəsi olaraq yaranmış daxili narazılıqlar ictimai fəallığın rejimə qarşı çevrilməsilə nəticələnə bilər.

Əslində İranda siyasi rejim elə qurulub ki, prezidentin dəyişməsi mahiyyət etibarilə heç nəyi dəyişmir. Dövlətin başınada duran rəhbər Əli Xamneyi hakimiyyətin bütün qollarını özünə tabe edib. İranda 1979-cu ildə qəbul olunmuş konstitusiyaya əsasən dövlətin başçısı 89 nəfər üzvdən ibarət Ekspertlər Şurası tərəfindən ömürlük seçilən ali dini rəhbərdir. Ekspertlər Şurasının tərkibi isə seçki nəticəsində müəyyən olunur. Lakin seçkidə iştirak edəcək namizədlər Himayəçilər Şurası tərəfindən təyin olunurlar. Himayəçilər şurası isə 12 üzvdən ibarətdir - onlardan altısı rəhbər, altısı isə parlament tərəfindən təyin olunur.

İranın qanunverici orqanı olan birpalatalı parlamentdə qəbul olunan qanunlar Müşahidə Şurası tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minə bilər. Müşahidə Şurası 12 nəfər üzvdən ibarətdir - onlardan 6-sı rəhbər, 6-sı isə məclis tərəfindən seçilir. Lakin məclis Müşahidə Şurasının üzvlərini Məhkəmə sistemi rəhbəri tərəfindən irəli sürülən namizədlər arasından seçə bilər. Məhkəmə sisteminin rəhbəri isə dövlət başçısı tərəfindən təyin olunur. Bu mürəkkəb mexanizmlərin təhlili son nəticədə parlamentin də rəhbərə tabe olduğunu göstərir.

1989-cu ildən sonra İranda baş nazir postu ləğv edilib. İranın prezidenti faktiki baş nazir səlahiyyətlərinə malik olan şəxsdir. İranda keçirilən prezident seçkiləri demək olar ki, baş nazir seçkiləri anlamına gəlir. Bununla belə, seçilmiş prezident rəhbər tərəfindən təsdiq olunduqdan sonra səlahiyyətlərinin icrasına başlaya bilər.

Beləliklə, aydın olur ki, prezident seçkiləri əslində İranda ictimayyətin dəyişiklik istəyini təmin etmək məqsədilə həyata keçirilən prosesdir. Prezident istəsə belə, rəhbərin iradəsinin ziddinə olan addımlar atmaq səlahiyyətindən məhrumdur.

Odur ki, İranın hazırki düşdüyü vəziyyətə görə birbaşa məsuliyyəti rəhbər Əli Xamneyi daşıyır. Və vəziyyətdən çıxış yollarını da o tapmalıdır. Ehtimal etmək olar ki, Xamneyi daha çox islahatçılardan olan, xalq arasında müəyyən qədər populyarlığı ilə seçilən, eyni zamanda Qərb tərəfindən qəbul olunan şəxsin prezident seçilməsinə şərait yaradacaq. Bununla müəyyən müddətə iqtisadi sanksiyalar səbəbiylə güzaranı pisləşmiş xalq arasında narazılığın səngiməsinə nail ola bilər, eyni zamanda İranın nüvə proqramı ətrafında danışıqları intensivləşdirməsi mümkündür. Yeni prezidentin danışıqlara daha həvəslə girişməsi Qərbin İrana qarşı yumşalmasına, Tehranın isə vaxt udmasına gətirib çıxaracaq. İranın nüvə ambisiyalarından əl çəkməsi isə gözlənilmir. Çünki bu, artıq İranda milli ideyaya çevrilmişdir və ölkə rəhbərliyi istəsə belə özü yaratdığı milli ideyadan vaz keçə bilməz.

Bu ssenari yalnız yaxşı halda baş tuta bilər. Amerika İrana qarşı tərbiq olunan sanksiyaların səbəbini bu ölkənin nüvə proqramının olması ilə əlaqələndirir. Lakin Amerika rəsmilərinin bu bəyanatı verərkən nə dərəcə səmimi olmaları sual altındadır. Söhbət ondan gedir ki, əhalinin həyat səviyyəsinin aşağı düşməsi hakimiyyətə qarşı narazılıqların yaranması və son nəticədə rejimə qarşı çıxmaları ilə nəticələnə bilər. Vaşinqton illərdir məhz molla rejiminin devrilməsini istəyir və təbii ki, Tehran bunu anlayır.

Bununla yanaşı, İranda rejimin yıxılması təhlükəsini yaradan digər mühüm amil etnik ayrı-seçkiliklərdir. İran üçün əsas təhlükə mənbəyi etnik azərbaycanlılar və kürdlər hesab oluna bilər. İsraillə Türkiyənin İran azərbaycanlılarına təşkilatlanma ilə bağlı müəyyən yardımlar göstərmələri barədə məlumatlar daha əvvəl yayılmışdı. Tehran Azərbaycanın da İsrail və Türkiyə ilə dərin iş birliyini nəzərə alaraq, Bakının ona qarşı fəaliyyətindən narahatdır.

Digər ciddi təhlükə mənbəyi kürdlərdir. Məlumdur ki, İran da müəyyən müddət öz daxilində kürd separatizimi ilə mübarizə aparıb. Hazırda Türkiyədən çıxan kürd yaraqlılarının “mübarizə” üçün İrana istiqamətləndirilmələri mümkündür.

Rejim üçün digər təhlükə isə İsrailin hücum etmə ehtimalının yüksək olmasıdır. Hazırda Suriyaya zərbələr endirən İsrail, bununla Hizbullah terror təşkilatı ilə İranın əlaqəsini qırmağa çalışır. Nəticədə tərəflər bir-birinə dəstək göstərməkdən məhrum olurlar.

İran rejimi üçün digər mühüm təhlükə isə hakimiyyətdə təmsil olunan klanlararası savaşla əlaqədardır. Və bu klanlar arasında təbii ki, hakimiyyəti tam olaraq ələ almaq istəyənlər var. Odur ki, rejimin daxilində olan düşmənlərin xarici düşmənlərlə işbirliyinə girməsi istisna olunmamalıdır. Məsələn, Amerikanın İraqı işğalı zamanı amerikalı komandanlar etiraf edirdilər ki, qısamüddətli qələbənin əsas səbəbi Səddam Hüseynin yaxın ətrafının onlarla əməkdaşlığı idi.

Tofiq Əsgərov


Teqlər:  





Xəbər lenti