Tağı Əhmədovdan əl çəkin

Tağı Əhmədovdan əl çəkin
  07 May 2013    Oxunub:1784
Vüsal Məmmədov

Metropolitenin rəisi Tağı Əhmədovla məzələnmək artıq bir trendə çevrilib. Birazdan mətbuatda “Tağızim” adlı xüsusi janr da yaranacaq. Kişinin ağzından hansısa sözün çıxması xata olur. O dəqiqə yazılar yazılır, videolar çəkilir, statuslar paylaşılır... Nədir bunun səbəbi?
Vallah ciddi deyirəm: Tağı Əhmədovu ələ salan jurnalistlərin və digər insanların 95%-i öz işlərində onun öz işində çatdığı səviyyənin heç 10 faizinə yetişməyiblər. Məsələn, tutaq ki, Tağı Əhmədov metropoliten müəxəssisi kimi öz işində 10 ballıq şkala üzrə 7 balla qiymətləndirilə bilər... Yaxşı, haqqımda şübhələnib, “yəqin Tağıdan nəsə umacağı var” deməməniz üçün, 1 bal da aşağı salıram. 6 bal! Fərz edək ki, Tağı Əhmədov metro işini 6 bal səviyyəsində bilir. Bundan da aşağı düşmək allahsızlıq olar. Şəxsən mən də metro basabaslarında çox əsəbləşirəm, metrodan narazı qaldığım məqamlar az deyil, amma bundan aşağı düşmərəm – insaf yaxşı şeydir. Metro boyda mürəkkəb təsərrüfat illərdir problemsiz işləyir və bu, az şey deyil.

Yaxşı, bəs Tağı Əhmədovla məzələnənlər öz işlərini neçə bal səviyyəsində bilirlər? Ona sual verən jurnalistlər ən yaxşı halda 3-4 bal səviyyəsində! Tam məsuliyyətlə deyirəm! Verdikləri suallardan da görünür. Onların istənilən birinin yazısını qabağına qoyub bir az tənqidi gözlə baxsan, ələ salınası nə qədər şey çıxar.

Tağı Əhmədovun, bəli, qabalığı var, hərdən kobud cavablar verir, hələ də kənd adamlığını saxlayıb... Elə bil dünən dağdan enib. Və bunlar mənim nəzərimdə onun müsbət tərəfləridir!
Barış Mançonun iki mahnısının qəhrəmanlarını müqayisə etmək istəyirəm: “Arkadaşım eşşək”“Süleyman”. Birinci mahnının qəhrəmanı şəhərə gələn, burada yaşayıb-oxuyub-işləsə də, ürəyində kəndli qalan və kənddə uşaq ikən dostlaşdığı eşşəyə məktub yazan insan haqqındadır. İkincisi isə şəhərə gəlib oxuyub, bütün xasiyyətini dəyişən, snoblaşan, eqoistləşən Süleyman adlı biri haqqında. İki mahnını tutuşduranda görürsən ki, kənddəki eşşəyinə məktub yazan nə qədər adamdırsa, Süleyman da bir o qədər eşşəkdir.

Tağı Əhmədov necədirsə, elədir, olduğu kimidir və bu cür də görünməkdən qorxmur. Onun kobudluğunda, qabalığında bir adamlıq var. Bəyəm hamı ütülənib-kraxmallanıb sizin qarşınıza çıxmalıdır?

İndi Tağı Əhmədov nə etsin ki, musiqi zövqü Səyyad Əlizadəyə mahnı sifariş edəcək qədər bəsitdir? Adamın könlü budur, içində kəndçi qalıb. Elə bilir ki Səyyad Əlizadə müğənnidir. Mən buna gülmürəm. Mən o vaxt gülərdim ki, Tağı müəllim “Beatles”-ə qulaq assın. Amma şükür Allaha, bunu etmir.

Mən hətta Tağı Əhmədovun jurnalistləri sevdiyinə də əminəm – haqqında bu qədər gic-gic yazılardan sonra jurnalistlərlə yenə də görüşürsə, bu, artıq böyük şeydir. Onun yerində olsa, çoxları jurnalistləri azı on dəfə boykot eləmişdilər!

Bütün bunlara görə, mən Tağı müəllimin tərəfindəyəm! Hətta bu dəqiqə zəng vurub desə ki, “bu nə yazıdır dızıldamısan”, “popuqaysan”, “may-fayın xarab olub” – filan, yenə də fikrimdə qalacağam. Jurnalistlər istəyirlər ki, hamı onlardan qorxsun, çəkinsin, hörmət eləsin... Kimdənsə ayrı münasibət görəndə arı sürücü kimi hərəsi bir tərəfdən sancmağa başlayır. Tağı müəllim isə onlardan çəkinmir, qorxmur. Buna görə də onu daim sancırlar. Amma bir şeyi başa düşmürlər: Tağı müəllimin jurnalistlərdən çəkinməməsinin səbəbləri o deyil ki, yekəxanalıq etmək istəyir, yox. Odur ki, sadəcə bilmir, jurnalistlərdən niyə çəkinməlidir. Bilmir, vəssalam. O, belə incə mətləblərin adamı deyil, təsərrüfat adamıdır, məşhur rus sözü ilə desək, “mujik”-dir və özünü də bu cür aparır.

Kəsəsi, Tağı Əhmədovu rahat buraxın. Ən azı buna görə ki, nə peşəkar, nə də insan kimi çoxunuz heç nədə ondan üstün deyilsiniz. Gedin, özünüzü ələ salın.


Teqlər:  





Xəbər lenti