Himalayda ölən alpinistin meyiti tapıldı

Himalayda ölən alpinistin meyiti tapıldı
  23 Oktyabr 2014    Oxunub:1768
Himalay dağlarında həlak olan azərbaycanlı alpinist Murad Aşurlunun cənazəsi tapılaraq helikopterlə Nepalın paytaxtı Katmanduya gətirildiyi bildirilir.

M.Aşurlu ilə eyni ekspedisiyada olan yoldaşları deyiblər ki, Murad qrupla birlikdə məşhur Ama Dablam dağından enərkən qoruyucu kəndir qırılıb və o, 300-400 metr yüksəklikdən qayaların üstünə düşüb.

Hava şəraiti pis olduğundan onu hadisə baş verən kimi axtarmaq mümkün olmayıb. Murad Aşurlunun meyiti ertəsi gün xilasedici helikopter komandası tərəfindən qaldırılıb.

Bundan əvvəl verilən xəbərlərdə Murad Aşurlunun itkin düşdüyü barədə məlumat verilmişdi. Onun axtarışında iştirak etmək üçün qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da Nepala yollanmışdı.

Mətbuat xəbər verir ki, Azərbaycanın ən təcrübəli alpinistlərindən olan Murad Aşurlu 2007-ci ildə Şimali Amerikanın ən yüksək zirvəsi olan McKinley-ni fəth etmişdi.

O, 2013-cü ildə dünyanın ən yüksək zirvəsi olan Everesti fəth etmiş üçüncü Azərbaycan alpinisti olmuşdu. 42 yaşlı alpinist təhsilini Moskvada almışdı və son illərdə ABŞ-dakı aparıcı telekommunikasiyalar şirkətlərindən birində çalışırdı.


Teqlər:  





Xəbər lenti