Azərbaycanda 98 minlik eşşək müəmması...

Azərbaycanda 98 minlik eşşək müəmması...
  26 Sentyabr 2014    Oxunub:11428
2014-cü ilin birinci yarısında Azərbaycan xaricdən 34 uzunqulaq alıb. Alınan uzunqulaqlara görə nə az, nə çox 98 min manat pul xərclənib.
Bu məlumatı Azərbaycan Dövlət Statistika Komitəsi bildirib. Komitənin yaydığı məlumata görə, 2013-cü ildə əvvəlki illə müqayisədə uzunqulaqların sayında 0.9 min baş azalıb.
Daha çox köməkçi vasitə kimi istifadə olunan uzunqulaqların sayı 1988-1992-ci illər arasında azalıb. Sonradan başlanan artım nəticəsində ötən il Azərbaycanda uzunqulaqların sayı 45 min 157 baş olub.

Maraqlıdır ki, 98 min manatlıq uzunqulaqların hansı məqsədlə, yaxud kim tərəfindən alınması müəmmalı olaraq qalır.

Xarici uzunqulaqlar Azərbaycana nə üçün lazımdır?

Ehtimal edilir ki, ölkəmizdə uzunqulaqların sayının çoxalması insanların bu heyvanlara tələbatının artması ilə bağlıdır. Ölkədə yanacağın qiyməti bahalaşdığından kənd yerlərində yükdaşımada at və uzunqulaqlara üstünlük verməyə başlayıblar. Xaricdən gətirilən uzunqulaqlar isə hamıda marağa səbəb olub.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bununla bağlı AzVision.az-a açıqlamasında bildirib ki, xaricdən Azərbaycana uzunqulaq gətirilməsi ilə bağlı nazirlikdə hər hansı məlumat yoxdur.

“Bizdə bu barədə fakt yoxdur. Bunu kimin alması və hansı sahədə istifadə etməsi barədə bizdə fakt yoxdur”-deyə nazirlik rəsmisi bildirib.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti