YASın nə fərqi var ki?

YASın nə fərqi var ki?
  26 Sentyabr 2014    Oxunub:4178
Etibar Hüseynov

Qəribə millətik, vallah. İllər uzunu böyüklü-kiçikli, kasıblı-imkanlı - hamı hüzr-yas məclislərindəki dəbdəbədən, israfçılıqdan danışır, "bu biabırçılığa nə vaxt son qoyulacaq?" deyirdi. İndi Dini komitəmiz təşəbbüs qaldırdı, yas məclislərinin yığcam, dəbdəbəsiz keçirilməsi təklifini irəli sürdü. Və başlandı..


***

Amma nə baş verdi? Çox təəccüblüdür ki, gözlənilənlərin tam əksi. Yəni imkanlılar, vəzifə sahibləri qaldı kənarda, kasıb-kusub özünə əl qatdı ki, bəs "yox eyy, mən dədəmə mütləq `layıxlı ehsan` verməliyəm, vəssalam".

***

Bir məqama da diqqət çəkmək istərdim. Əslində o adamlar haqda danışacağam ki, onları siz də tanıyırsınız... Adamlar var ki, atasına, anasına aylarla, bəzən də illərlə baş çəkmir, yaşayışıyla, səhhətilə maraqlanmır. Amma valideyni rəhmətə gedəndən sonra "qeyrət"ə gəlir. Deyir ki, bəs borca da düşəsi olsam, "layıxlı" ehsan verməliyəm. Belələri əslində camaatın hörmətini deyil, əksinə, nifrətini qazandıqlarının da fərqində olmurlar.

***

Son vaxtlara qədər yəqin ki, sizlərin də hər biriniz bir tendensiyanı müşahidə etmişiniz; yasdan çıxanlar sanki toydan çıxmış təki deyib-gülərək, dişlərini qurtdalaya-qurtdalaya çıxır, toylardan çıxanlarda isə əksini müşahidə edirdik - sanki saraydan dilxor, başını yelləyə-yelləyə gedirdilər. Elə bil, toydan deyil, yasdan çıxır.

***

Yas məclislərimiz həqiqətən də əndazədən çıxmışdı. Ay başına dönüm, heç hüzr yerində də 4 cür yemək verərlər? Bu dəbdəbənin nəticəsiydi ki, yasa gələn adamlar da haqlı olaraq özlərini yas yerində deyil, toydakı kimi hiss edirdilər. Hətta dəfələrlə görmüşəm ki, mollalar üçün də elə "distansionnu mikrafon"lu aparatura quraşdırırlar ki, heç bəzi televiziya və radiolarımızda o cür avadanlıq tapılmır. Bax, elə buna görə də məclisin aura və axarı dəyişir. Bayaq dediyim kimi, insanlar özlərini daha çox toydakı kimi hiss edirlər. Ona görə də əksəriyyət başlayır lağ-lağıya, lətifə danışmağa, molla ilə məzələnməyə və s. Dostuna telefon açıb "bura yas deyil e, toydu... masanın üstündə hər şey var. Durma, tez ol, su şüşəsinə araq töküb, özünü çatdır" deyənlər haqda da yəqin ya görüb, ya da ki, eşitməmiş olmazsınız.

***

Bu, həqiqətən də biabırçılıqdır. Bunun başqa adı yoxdur. Və bütün bunların bir çərçivəyə salınması vaxtı yetişib. Dəfələrlə hər birimiz şahidi olmuşuq ki, bir çox hallarda kiminsə yaxını Rusiyada-filanda qətlə yetirilir. Və ölü sahibi də meyiti gətirmək üçün borca girir. Və bütün bundan sonra adam hələ mağar qurmalı, ehsanlar verməlı, qəbrin üstünü götürtməlidir və s. Bir sözlə, ölü yaddan çıxır; el qınağından qorxan ölü yiyəsi daha çox qapıya gələnlərin lazımınca qarnının doydurulmasının qeydinə qalır.

İndi çoxları bəhanə gətirirlər ki, "bəs uzaqdan gələnlər olur, onlar acmı qalmalıdır?" Əvvəla, uzaqdan gələn bilir ki, toya deyil, yasa gedir. Digər tətəfdən də, hər tərəf kafe, yeməkxanayla doludur. Yasdan əvvəl və ya sonra yolüstü haradasa bir qarın yemək tapmaq heç kəsə problem deyil. Yaxud, Türkiyə və ya İranda olduğu kimi də etmək olar: evin bir otağında həmən o uzaqdan gələnlər üçün yığcam bir süfrə açılar, vəssalam.

***

İndi hərə bir fikir söyləyir. Əksəriyyət sadə ehsan süfrəsiylə bağlı məsələni dəstəkləsə də, bu işə pəl vuranlar da yox deyil. Elə isə nə etməli?

Çoxları təklif edir ki, məsələyə son qoymaqdan ötrü mütləq qanun qəbul olunmalıdır. Bəri başdan demək istəyirəm ki, mən bir vətəndaş, həm də bir millət vəkili olaraq bunun əleyhinəyəm. Niyə?

Əvvəla qeyd edim ki, bu barədə qanun qəbul etmək heç kim üçün problem deyil. Amma bizi izləyən özgə millətlərə nə cavab verəcəyik? Və ümumiyyətlə, cavab verə, gözlərinin içinə baxa biləcəyikmi? Axı ayrı vaxt deyirik ki, biz qədim tarixə, qədim mədəniyyətə malik müdrik bir xalqıq...

Bəs indi adama deməzlərmi ki, gör, bu böyük mədəniyyətə malik xalq nə ilə bağlı qanun qəbul eləyir? Axı ay mənim əzizlərim! Bu, bir əxlaq, vicdan, mədəniyyət və tərbiyə məsələsidir. Və bu cür məsələlər qanunla tənzimlənməməlidir. Onda bəlkə qanunlar da qəbul edək ki, böyüklər içəri daxil olanda ayağa qalxmaq lazımdır. Ağsaqqalın yanında siqaret çəkmək olmaz. Kiçiklərə diqqət, əlillərə kömək, imkansızlara yardım etmək lazımdır. Bunudamı edək, deyirsiniz?

***

Bax, ona görə də mən bunun əleyhinəyəm. Və bu prosesin yalnız maarifləndirmə və ictimai qınaq vasitəsilə həyata keçirilməsinin tərəfdarıyam. Razıyam ki, uzun və yorucu prosesdir. Amma çətin də olsa, bizlər buna nail olmalıyıq. İlk növbədə vəzifə və səlahiyyət sahibləri buna vadar edilməlidir. Onlar bu işdə nümunə sərgiləməlidir.

Digər tərəfdənsə ehsan verməkdən ötrü "sinov gedənlər"ə bir əsas mətləbi anlatmaq lazımdır ki, bu ehsan nədir. Və soruşmaq lazımdır ki, "qardaşım, sən ehsanla ziyafətin və ya yemək-içmək məclisinin fərqini anlayırsanmı?" Axı ehsan və ziyafət məclisinin də əsas fərqi ondadır ki, ziyafəti kef məclisinə gələnlərə verirlər; ehsanı isə kasıb-kusuba, yetim-yesirə. Ki, Allah da həmin kasıb və yetimə verdiyin ehsana görə sənin ölünə rəhmət yazsın. Ona görə də, ehsanı həqiqətən də ad-san üçün deyil, ölünə rəhmət qazandırmaqdan ötrü vermək istəyirsənsə yol açıqdır - götür qazanlarını yollan kasıb-kusubun qapısına.

Bax, hər şey bu qədər bəsit yani.


Teqlər:  





Xəbər lenti