Susma!

Susma!
  24 Sentyabr 2014    Oxunub:2251
Anar Yusifoğlu
Aktual.az saytının baş redaktoru

Susursan... Lap çoxdan!
İnadla!
İçimdə!
Ruhumda!
Gözümdə!
Mən var olan hər yerdə! Susursan...


Əslində narahat deyiləm!
“Sənin susmağın poeziyadır”.
Sən susanda doğma ölkəmin ən doğma bölgəsi Yardımlıdakı əzəmətli dağların qürurlu sükutuna heyran olduğum kimi sənin sükutuna heyran oluram!
Səni o qürur qədər sevirəm!
Sükutunun qürurunu sevirəm!

Sənin susmağın susqunluq deyil, sükut deyil! Əzəmətdir, qürurdur!
Sən susursan!
Başdaşından boylanan anamın sükutu var içimdə!
İçimdə sus! Gözəldi...
Anamın içimdəki sükutunu qəlbimin rahatlığı, taleyim üçün əminliyi kimi qymətləndirmişəm və bu sükutdan məmnunam! Sükutun içimdə təlatümlər yaratmır!
Sən sus – içimdə sus!
Sən susursan!

Ruhum susur – gözəlim Azərbaycanın hər yerində gördüyündən razı qalan sarı sim kimi! Sus ruhumun sarı simi kimi! Susmağından razıyam! Dedim ya, “susmağın poeziyadır”.
Sus və susmağına davam elə!
Nə zaman görsən, içim paramparça olub – yenə də sus!
Ruhumun sarı simi qırıq-qırıq olduğunu duyduğun anda..., yenə də sus!
Haçan görsən, susqunam, süstəm, oxşama, əzizləmə, yenə, yenə, yenə sus!

Ancaq... bu sevgini öldürdüyünü anlayanda susma! Ancaq... sənin üçün öləndə susma!
Ancaq... səni itirdiyimdə, ruhum sənə sərgərdan olanda, arayanda susma!
Ancaq... çölüm, dünyam içimə çöküb içimi çökdürəndə susma!

Nə ağlaşma, vaylaşma, huylaşma qur! Nə dil deyib sinə dağla! Nə içimə, ruhuma qarovul dur! Sadəcə susma! Bir baxışla bax – susmağının əzəməti üçün öldüyüm-sinov getdiyim dağlarımızın susmaq qürurunun əzəmətiylə baxışın dillənsin! Doqquz ana dəsmal götürüb ağlasa da, eşidilən analar yalan olsun, görülən sən doğru olasan – baxışların ruhuma sığal çəksin, nəfəsin içimə can versin!

Dağlarımızın müqəddəs əlamətləri var. Biri o ki, hansı qayasından daş yuvarlansa, yağış yağacaq, yuvarlanmasa, günəş çıxacaq.

Adamlarımızın müqəddəs inancları var: yağış yağmayanda quru daşı suya basıb yağış istəyər və yağış gələr. Yağmur, leysan olanda havada yaş daşı sudan çıxarar və yağış kəsər!

Öz insafına qalsın – görsən, səni yağış kimi yuyuram, bulaq gözündən bir daş çıxar!

Görsən, bu sevgi səni çox yandırır, məni daş bil, bas suya! İndi isə sus! O günə kimi ki, dağlarımızın qayasından daş kimi qopum! Qılınc qının kəsməz! Onda nə sudakı, nə də qurudakı daş inanc üçün yaramaz!

...Əzizim keçənlər var,
Suyundan içənlər var,
Çəkmə Laçın adını,
Ürəyi keçənlər var!

Di... indi sus!


Teqlər:





Xəbər lenti