"Oğlumun ölümündə günahkar mənəm" - Xalq artisti
AzVision.az-ın məlumatına görə, xalq artisti aznews.az-a müsahibəsində oğlu Əli İslamzadədəni evsizlik dərdi öldürdüyünü söyləyib: "Nə dərdi-səri olardı ki? Onun böyük bir dərdi vardı ki, anamın evi olsun. Yığışaq, hamımız bir yerə. Bircə ay da olsa, bir yerdə yaşayaq. O da olmadı. Uşaqlarım evsizlikdən öldü. Bu dərdi özü ilə qəbirə apardı. Kirayə həyatı ilə barışa bilmirdi, yaxşı ev də tuta bilmirdim, baha idi. O da bunları görüb fikir edirdi. Özüm də xəstə. Uşağımın ölümü məni mənə unutdurdu. Xəstəliyim, belimin ağrısı yadımdan çıxdı. Bu ölümü mən necə qaldırdım?! Hələ onun özünü... Üç gün, üç gecə əziyyət çəkdi. Ayaqları tutuldu, şişdi nə boyda oldu, artıq yeriyə bilmədi. O ayaqla istəyirdi ki, gəzsin. Gəzdi də. Son nəfəsinə kimi ayaq üstə oldu. Daha yaşamaq ümidim itib. Belə həyatı yaşamaqdansa..."
N.Əhmədova oğlunun xəstəliyini ondan gizlətdiyini və bu səbəbdən də dünyasını dəyişdiyini deyir: "Mən biləndə artıq gec idi. Nə qədər dərmanlar, nə qədər sistemlər vuruldu, xeyri olmadı. Zalım xəstəlik işini görmüşdü. Göz görə-görə uşağımı itirdim. Əgər əvvəlcədən mənə dərdini desəydi, bəlkə əlac edərdim. Özümü oda-közə vurardım. Bir dəfə olsun, bu uşaq mənə dərdini demədi. Xəstəliyinin ciddi olduğunu mənə demədi. Yəqin düşünüb ki, anam fikir edər. Nə bilim, heç bilirəm ki?! Uşaq gözünü açıb özünü, anasını kirayələrdə gördü. Bircə dəfə xoş gün gördük ki? Ömrümüz onun-bunun evində keçdi. “Veş” yığıb daşımaqdan xəstəlik tapdıq. Uşaq da bu yaşayışımızı görürdü. Fikirləşib ki, deyib neynəyəcəm? Yəqin, anasının bu qara gününü düşünüb. Bir ayın içində uşağım şam kimi əriyib yox oldu. Buna hansı ana dözər?! Ana üçün bundan böyük dərd olmaz... Mən bu dərdi necə qaldıracam? "
Xatırladaq ki, Nuriyyə Əhmədovanın oğlu 37 yaşlı Əli İslamzadə 4 sentyabr 2014-cü ildə xəstəlikdən dünyasını dəyişib.
Teqlər: